9 İyul 2014 18:26
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsi bu ilin 1-ci yarısında paytaxtda qeydə alınan cinayətlərin statistikasını açıqlayıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, bu ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə Bakı şəhərində 5.981 cinayət hadisəsi qeydə alınıb, həmin cinayətlərin 86,3%-i (5.162) az ağır və böyük ictimai təhlükə törətməyən 13,7%-i (819) isə ağır və xüsusilə ağır növ cinayətlər olub, ümumi cinayətlərin 70,9%-nin, ağır və xüsusilə ağır növ cinayətlərin isə 74,2%-nin açılması təmin edilib.

Qabaqlayıcı profilaktiki tədbirlərin düzgün təşkili və aparılması sayəsində ötən ilin eyni dövrü ilə müqayisədə ağır və xüsusilə ağır növ cinayətlər 6,5% (57 fakt), o cümlədən qəsdən adamöldürmələr 20,8% (10 fakt), qəsdən adamöldürməyə cəhd 25% (2 fakt), qəsdən sağlamlığa ağır zərərvurma 21,8% (22 fakt), habelə mülkiyyət əleyhinə olan mal-qara oğurluğu 33,3% (6 fakt), avtonəqliyyatın oğurluğu 23,5% (4 fakt), quldurluq cinayətləri 14,5% (8 fakt), ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan xuliqanlıqlar 5,7% (17 fakt), nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətləri 15,5% (69 fakt), onlardan ölümlə nəticələnən yol-nəqliyyat hadisələri 8,6% (13 fakt) azalıb, adamları girov götürmə, banditizm və ya cinayətkar birlik yaratma kimi təhlükəli cinayətlər qeydə alınmayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə şəxsiyyət əleyhinə olan cinayətlərin açılması 91,7%-dən 92,8%-dək yaxşılaşıb, o cümlədən qəsdən adamöldürmə cinayətlərinin 89,2%-nin, qəsdən sağlamlığa ağır zərər vurmaların 84,0%-nin, sağlamlığa az ağır zərər vurmaların 90,6%-nin, sağlamlığa yüngül zərər vurmaların 96,8%-nin açılması təmin olunub, adamöldürməyə cəhdlərin açılması isə 100% təşkil edib.

Bununla yanaşı cari ilin 6 ayı ərzində qeyri-aşkar şəraitdə törədilmiş 3.529 cinayətdən 58,6%-nin açılması təmin olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütövlükdə 439 cinayətin üstü açılıb, soyğunçuluq cinayətlərinin açılması 5,1% yaxşılaşıb, bu müddətdə 25 soyğunçuluq və quldurluq cinayəti törətmiş 52 nəfərdən ibarət 18 qrup, eləcə də 43 mənzil oğurluğu cinayəti törətmiş 45 nəfərdən ibarət 19 qrup, həmçinin 20 avtonəqliyyat vasitələrinin qaçırılması cinayəti törətmiş 40 nəfərdən ibarət 14 qrup ifşa edilib, keçmiş illərdən bağlı qalmış 177 cinayətin üstü açılıb.

Axtarışda olan təqsirləndirilənlərin axtarılması da fəal surətdə davam etdirilib, 798 təqsirləndirilən şəxsdən 477-nin (59,8%), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 323 nəfərdən isə 141-nin (43,7%) tutulması təmin olunub. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə də Baş İdarənin Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları tərəfindən xeyli müsbət işlər görülüb, qanunsuz dövriyyədən 821 fakt üzrə ötən ilkindən 11 kiloqramdan çox, 156 kiloqram 133 qram narkotik vasitə çıxarılıb, belə qanunsuz fəaliyyətlə məşğul olan 583 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub, 19 nəfərdən ibarət qrupdan 22 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülüb.

Hacı Zeynalov


Müəllif: