11 İyul 2014 09:56

Taksi sürücüsünü soyanların hər birinə 8 il 6 ay cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Balakən rayon sakinləri Hacımurad Qımrıyev və Şamil Qurbanovun məhkəməsi başa çatıb. İttihama görə, Hacımurad Qımrıyev və Şamil Qurbanov taksi sürücüsünə qarşı quldurluq ediblər.

Onlar 2 sentyabr 2013-cü ildə, saat 21.00-da Balakən şəhərindəki mədəniyyət və istirahət parkında görüşüb Zaqatala şəhərinə gediblər. Zaqatalada gecə geri qayıtmaq üçün gəldikləri taksi sürücüsünə qarşı quldurluq etmək niyyətinə düşüblər.

Dostlar Zaqatala şəhərində kafelərin birində pivə içiblər. Gecə saat 1.00-da Balakənə getmək üçün taksi saxladıblar. Zaqatala sakini Vasif İbrahimovun idarə etdiyi “VAZ-2106" markalı maşına miniblər, Balakən rayonunun Qazbinə kəndində qaranlıq yerə sürdürüblər.

Şamil Qurbanov cibində gəzdirdiyi bıçağı Vasif İbrahimovun boynuna dirəyib. Hacımurad Qımrıyev isə Vasif İbrahimovun ciblərini, avtomaşının salonunu, yük yerlərini axtarıb. O, sürücünün 40 manat dəyərində “Nokıa-2600C-2" markalı telefonunu, üzərində olan 10 manat dəyərində sim kartı və cibindəki 6 manatını götürüb. Taksi sürücüsü quldurluqla üzləşməsi ilə bağlı polisə şikayət edib. Şikayət əsasında təqsirləndirilən şəxslər həbs ediliblər.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçən Hacımurad Qımrıyev deyib ki, sentyabrın 2-də, saat 21.00-da Şamillə Zaqatala şəhərinə gediblər: “Gecə taksi maşını ilə geri qayıdanda sürücünü qarət etmək barədə razılaşdıq. Yolu taksi sürücüsü ilə altı manata razılaşdıq və maşına oturduq. Balakən rayonunun Qazbinə kəndinin girəcəyinə çatdıqda Şamilin tələbi ilə sürücü maşını kəndin içərisinə sürdü. Təxminən 1 kilometr yol getdikdən sonra qaranlıq yerdə Şamil maşını saxlatdı. Biz maşından aşağı düşdük.

Şamil cibindən bıçaq çıxardaraq sürücünün boğazına dirədi, ondan cibində olan pullarını, qiymətli nəyi varsa verməyi tələb etdik. Sürücü isə dedi ki, kasıb adamam, heç nəyim yoxdur, çörək puluna çıxıram. Şamil sürücünün yaxasından tutaraq dartdı və sükan arxasından yerə saldı. Bıçağı təkrar onun boğazına dirəyərək nəyi varsa verməyi tələb etdi. Sonra sürücünün ciblərini axtarmağımı istədi.

Şamilin tələbi ilə maşından yerə düşüb sürücünün ciblərini axtardım. Ondan altı manat pul, bir mobil telefon götürdüm. Maşının salonundakı saxlanc yerindən əlavə bir ədəd “Nokıa” markalı telefon tapdım. Bunları götürüb sürücünü sərbəst buraxdıq. Onun maşınma əyləşərək getdik.

Yanacaq doldurma məntəqəsinin yanına çatanda polis maşını qabağımızı kəsdi. Bizi polis şöbəsinə gətirdilər. Sürücüdən götürülən altı manat pulu, iki ədəd “Nokıa” markalı telefonu və Şamildə olan bıçağı təqdim etdik. Sürücü Vasifə qarşı həmin hərəkəti Şamillə birlikdə etmişik".

Şamil Qurbanov da ifadəsində törətdiyi cinayəti etiraf edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı


Müəllif: