19 Aprel 2017 22:10
2 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş həkim: "Qədim Adilov kəllə-beyin travması almışdı, amma ona bu diaqnoz qoyulmadı"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Teleqraf.com-un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İntizam Ağakişiyev tərəflərin suallarını cavablandırıb.

Daha sonra zərərçəkmiş Sayibxan Səmədov ifadə verib. O, bildirib ki, İntizam Ağakişiyevlə şərikli biznesi olub və təqsirləndirilən Səlim Məmmədova pul verib.

Zərərçəkmiş şəxslərdən Adil Adilov da məhkəmədə ifadə verib. O, bildirib ki, oğlu Qədim Adilov ona zəng edib və döyüldüyünü deyib: “Mən də Bakıya gəldim və oğlumu Sabirabada apardım. Lakin MTN-dən tapşırıq olduğu üçün oğlumun şikayətinə baxılmadı”.

Sonra Sabirabad rayon xəstəxanasının baş həkimi Əziz Mikayılov ifadə verib. O, bildirib ki, Qədim Adilov xəstəxanaya gələrək kəllə-beyin travması alıb: “Lakin xəstəxanada tomoqrafiya imkanı olmadığı üçün o, Bakıya xəstəxanaya göndərildi. Bakıdakı xəstəxanada ona kəllə beyin travması diaqnozu qoyulmadı. Qədim Adilovun üzərində hər hansı xəsarət olmayıb”.

Şahid qismində ifadə verən Natiq Həsənov bildirib ki, 1970-1980-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində gizir qismində xidmət edib, hazırda təqaüddədir: “2015-ci ilin aprel ayının əvvələrində Milli Təhlükəsizlik Nazirliyinə dəvət edilmişəm. Nazirlkdə 2-ci mərtəbədə MTN-də şöbə rəisi işləyən Alı Nəbiyev məni sorğu-sual edərək telefonlarıma qulaq asdıqlarını, bəzi ordu generalları ilə əlaqəli danışıqları dinlədiyini dedi. Həmin hərbiçilərin kursant yoldaşlarım olduqlarımı və xeyirdə-şərdə görüşdüyümü bildirdim. Az sonra otağa idarə rəisi Səlim adlı şəxs daxil oldu, mənim tərcümeyi-halım ilə maraqlandı. Sonra Qədim və Kazımov Mamed adlı şəxslər otağa gətirildi. Qədimi görən kimi tanıdım. MTN-nə çağırılmazdan təxminən 5-6 gün əvvəl kafedə onunla görüşmüşdüm. Qədim həmin kefadə Mameddən borcunu qaytarmasını tələb etmişdi”.

Natiq Həsənovun sözlərinə görə, Mamedi 2009-cu ildən tanıyıb: “Mamed hələ Rusiyada cəza çəkmə müəssisəsində həbsdə olan vaxt bir yerli kimi ona baş çəkmişəm, cəzadan azad olunmağına dostlarım vasitəsi ilə köməklik etmişəm. Mamed cəzadan azad edildikdən sonra onunla 46 ton turba alqı-satqısı etmişəm. Normal münasibətlərimiz olub. Otaqda idarə rəisi Səlim “Mamedə 280.000 ABŞ dolları pul borclusan, niyə vermirsən” dedi. Mamed də heç bir borcunun olmadığını, əksinə Qədimin Mamedə 26.400 ABŞ dollar borcunun olduğunu bildirdi. Qədim isə həmin vaxt söhbətə qoşularaq dedi ki, o Mamedə pul verib, Mamed isə guya pulu mənə verib. Lakin elə orada Mamedə sübut etdim ki, ona borcum yoxdur. Mamedlə Qədim öz aralarında haqq-hesabı çəkmək üçün MTN-dən buraxıldılar. MTN-dən çıxandan sonra Mamedlə bir kafedə əyləşərək pul məsələsini müzakirə etdik. Nəticədə 13.000 ABŞ dollar Mamedin Qədimə borclu olduğu məlum oldu və Mamed özü də bunu təsdiq etdi”.

Onun ifadəsinə görə, təxminən bir ay sonra MTN əməkdaşı Alı Nəbiyev onu yenə MTN-nə çağırıb: “Onun otağında Qədim və Mamedlə bir yerdə borc pul məsələlərini müzakirə etdik. Orada Qədimlə kiçik mübahisə düşdü, Qədim yenə Mamedə borcunu qaytarmağı tələb etdi”.

O, qeyd edib ki, həmin görüşdən sonra MTN əməkdaşı ona Rusiya Federasiyasının Saratov şəhərinə gedib, həmin məsələləri yerində araşdırıb, təmiz olmasını sübut etməyi təklif ediblər: “Bundan sonra Rusiya Federasiyasının Saratov şəhərinə getdik. Orada bir neçə şəxsin imzası ilə təsdiq edildi ki, Mamedə borcumuz yoxdur. Və bu barədə sənəd gətirib MTN əməkdaşı Alı Nəbiyevə verdik. Bununla da bu məsələ bitdi. Bir daha MTN-nə dəvət edilmədim".

Natiq Həsənov həmçinin göstərib ki, Mamed Kazımov hazırda RF-nın Svredlovsk şəhərində yaşayır, Qədim Ədilovla heç bir iş birliyi olmayıb. O, MTN-nin sabiq əməkdaşlarının ondan pul və ya digər əşya tələb etmədiklərini, fiziki və psixi təzyiqlərə məruz qalmadığını göstərib.

Sonra iclasda Xaləddin Yusifov ifadə verib. O, bildirib ki, Qədim Adilov ona qarşı dələduzluq edib. Belə ki, taxta gətirməyi söz verib, lakin etməyib.

Proses aprelin 24-də davam edəcək.
Hacı Zeynalov


Müəllif: