20 Aprel 2017 14:36
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yasamal Məhkəməsində 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişən BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işi üzrə zərərçəkənin maddi təzminat iddiası ilə bağlı ləngidilən məhkəmə prosesi davam etdirilib.

Bu barədə Axar.az-a zərərçəkənin vəkili, hüquq elmləri doktoru, professor Fərhad Mehdiyev məlumat verib. F.Mehdiyev bildirib ki, proses 5 ay idi təxirə salınmışdı:

“Sonuncu iclas 2016-cı 24 noyabrda baş tutmuşdu. Bundan sonra iddia tələbində göstərilən bəzi hesablamalarla bağlı qarşı tərəfin vəsatəti üzrə ekspertiza təyin edildi. Bir aya yekunlaşmalı olan proses nədənsə 5 ay vaxt apardı və nəhayət, bu gün prosesin davam etdirildi”.

F.Mehdiyevin sözlərinə görə, ekspertizanın təqdim etdiyi rəqəmlər demək olar ki, iddia tələbi ilə eynidir. O bildirib ki, məhkəmə prosesinin qarşı tərəfdən müxtəlif vasitələrlə ləngidilməsi iddiaçını narazı salmır, əksinə, prosesin uzadılmasından qanunvericiliyə uyğun istifadə edilir:

“Bildiyiniz kimi, Milli Məclisin qəbul etdiyi qanuna əsasən, artıq pensiya yaşı qadınlar üçün 57-dən 63-ə qaldırıldı, o cümlədən, 2017-ci ildə Prezidentin sərəncamı ilə maaş artımları baş verdi. Müvəkkilimin istəyi ilə maaş artımını deyil, pensiya yaşı ilə bağlı dəyişən vəziyyəti iddia tələbində əks etdirdik və bu gün iddia həcminin artırılması ilə bağlı vəsatətimizi təqdim etdik”.

Maddi zərərlə bağlı iddia tələbinin hazırda 331 min təşkil etdiyini (əvvəlki tələb 304 min idi) vurğulayan F.Mehdiyev prosesin qəsdən ləngidiləcəyi halda iddiaçının mövqeyini prosesdə qarşı tərəfin diqqətinə çatdırdığını da bildirib: “Səbəbi bilinmədən vaxt udmaq istəyənlərin diqqətinə çatdırdıq ki, növbəti dəfə iddia tələbini artırması üçün iddiaçıya hazırda qanunvericilik daha bir neçə imkan tanıyır və müvəkkilim bu hüquqlarından istifadə edəcək”.

Növbəti məhkəmə prosesi mayın 5-nə təyin edilib.

Qeyd edək ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada 20 sentyabr 2013-cü ildə əməliyyat zamanı vəfat etmişdi. Bakı Apelyasiya Məhkəməsi “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığını əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar vermişdi və Baş Prokurorluğa təqdimat göndərmişdi. Həmçinin, “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulmuşdu.

“Medi Sina” klinikasının sahibi Müğdət Haşımov daha bir neçə cinayətdə də ittiham edilib və 9 il müddətinə həbs cəzası alıb.

Əməliyyatda iştirak edən anestezioloq F.İbrahimov 2015-ci il avqustun 31-də Apelyasiya Məhkəməsinin qərarı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib, 2016-cı ilin iyununda amnistiyaya düşüb.

Əməliyyatda iştirak edən assistent – Topçubaşov adına Elmi Tədqiqat Mərkəzinin ümumi cərrahiyyə şöbəsinin cərrahı Fərəcullah İdrisovun Bakı şəhər Baş Polis İdarəsi tərəfindən aparılan istintaq nəticəsində dələduzluğa cəhd etdiyi sübuta yetirilib.

Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov 10 min manat cərimələnib.

Ali Məhkəmənin qərarında əksini tapan “maddi təzminatla bağlı əlavə iddia qaldırmaq hüququ var” tövsiyyəsinə uyğun olaraq, iddiaçı tərəf maddi təzminatla bağlı ilkin istitansiya məhkəməsinə 2016-cı il may ayında müraciət edib.

Hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses davam edir.


Müəllif: