20 Aprel 2017 15:52
2 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs barəsində təyin edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasının rəyi açıqlanıb.

Məlum olub ki, ekspertlər Hicran Allahverdiyevanın psixi xəstəlikdən əziyyət çəkməsi barədə rəy veriblər. Ekspertizanın rəyinə zərərçəkmişlər etiraz ediblər.

Onların nümayəndəsi Hicran Allahverdiyevanın barəsində təkrar stasionar məhkəmə-psixiatrik ekspertiza təyin edilməsi barədə vəsatət verib.

Vəsatətə münasibət bildirən prokuror bildirib ki, vəsatət əsaslı şəkildə əsaslandırılmayıb: “Buna görə də təmin edilməməsini xahiş edirik”.

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov bu işin kifayət qədər araşdırıldığını, təkrar ekspertiza təyin edilməsinə əsas olmadığını deyib: “Bu, işin uzadılmasına xidmət edir. Buna görə zərərçəkmişlərin nümayəndəsinin vəsatətinin təmin edilməməsini xahiş edirəm”.

Müşavirə keçirən hakimlər isə Hicran Allahverdiyeva barəsində təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi barədə qərar açıqlayıblar.
Ekspertiza rəyinin cavabı alınanadək proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihama görə, Hicran Allahverdiyeva bir qrup vətəndaşın etibarindan sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pullarını ələ keçirib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib.

Hicran Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif: