20 Aprel 2017 18:00
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və qeydiyyata alınmamış Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə bu günə təyin edilən məhkəmə iclasına Natiq Kərimov və İnqilab Əhmədovun vəkilləri gəlməyib.

Bu səbəbdən proses aprelin 27-dək təxirə salınıb.

Məlumat üçün bildirək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış etmək üçün vaxt istəyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən Nardaran qəsəbə sakini Natiq Kərimovun xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar Natiq Kərimov DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. Ötən il yanvarın 7-də o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 19-da isə Səbail rayon Məhkəməsinin qərarı ilə Natiq Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

DTX-nın həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı İnqilab Əhədovun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

İnqilab Əhədov da ötən il yanvarın 27-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif: