21 Aprel 2017 12:21
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi Tamella Qasımova məhkəməyə teleqram vurub. O bildirib ki, hazırda Gədəbəy rayonun Qoşabulaq kəndində yaşayır. Tamella Qasımova qeyd edib ki, cavan qızı dünyasını dəyişib. Həm bu səbəbdən, həm də maddi imkanı olmadığı üçün Bakıya gələ bimir. Buna görə də onun istintaqa verdiyi ifadə elan edilib.

Məhkəmədə təqsirləndiriləm şəxsin qanuni nümayəndəsi - anası Xatirə Qasımova ifadə verib.

O bildirib ki, oğlu son vaxtlar əsəbi olub: "Siqaret çəkməyə başlamışdı. Ağzının danışığını bilmirdi. Hamamda duşun altına paltarlı girirdi. Hiss edirdik ki, nəsə problemləri var. Hətta xəstəxanaya yatırmaq istəyirdik. Atası qoymurdu. Deyirdi, oğlum xəstə deyil. Hadisədən bir gün qabaq mənimlə dalaşdı. Gecədən səhərə qədər yatmadı. Səhər mən işə getdim. İşdə olan zaman ev yiyəsi dedi ki, atası ilə Kənan dalaşıb. Evə gəldim. Evdə nə Kənan, nə də yoldaşım vardı. Sabunçuya getdik. Ərim artıq ölmüşdü".

Xatirə Qasımova bildirib ki, Kənan heç zaman valideynlərinə əl qaldırmıyıb: "Son vaxtlar problemlər çoxalmışdı. Hətta yoldaşımla onun yanında dalaşan zaman Kənan heç vaxt qarışmırdı. Yoldaşım da 4 ilə yaxın döyüşlərdə olmuşdu. Veteran idi. Əsəbi adam idi. Kənan üçün də həkim çağırırdıq. Həkimlər Kənanın xəstəxanaya yerləşdirilməsini məsləhət görmüşdü. Nə bilərdik, axırı belə olacaq".

Hakimlərin suallarına cavab verən qadın bildirib ki, atası Kənanı çox istəsə də, onu incidirdi: "Kənanı sərbəst qoymurdu. Hər tərəfdən onu sıxırdı. Məktəbə tez-tez dalınca gedirdi".

Hakim Xatirə Qasımovadan oğlunun şizofreniya xəstəliyidən əziyyət çəkdiyini bilib-bilməməsini soruşub. Xatirə Qasımova isə oğlunun bu xəstəlikdən əziyyət çəkdiyini bilmədiyini deyib.

Daha sonra hakim bildirib ki, hadisə zamanı Kənan Qasımov anlaqsız vəziyyətdə olub.

Cinayət işində olan səndlərin elanı başa çatıb və sonra çıxış etmək üçün prokurora söz verilib. Prokuror Kənan Qasımovun məcburi tibbi müalicəyə göndərilməsini istəyib.

Kənan Qasımovun vəkili dövlət ittihamçısının çıxışı ilə razılaşıb və Kənan Qasımovun müalicəyə ehtiyacı olduğunu bildirib.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər belə nəticəyə gəliblər ki, Kənan Qasımov cinayəti törədən zaman anlaqsız vəziyyətdə olub və onun barəsində məcburi qaydada müalicə təyin edilib. Qərarın icrası 1 saylı Ruhi-Əsəb Dispanserinə həvalə edilib.

Qətl ötən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib.

Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub.

Məlum olub ki, Kənan Qasımov hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl hərbi liseydə təhsilini dayandırıb. Buna səbəb isə onun təhsil müəssisəsinin ciddi rejimi ilə ayaqlaşmaması olub. Liseydəki təhsilini yarımçıq saxlayan Kənan qətl hadisəsi baş verməmişdən bir gün əvvəl anası ilə mübahisə edib, buna görə də atası ona acıqlanıb. Hadisə baş verən günü Kənan atası ilə də mübahisə edib. Kənan Qasımov mətbəxdən bıçaq götürərək atasının yanına gəlib və bıçağı Qulu Qasımovun ürəyinə sancıb.

Kənan Qasımıv Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif: