21 Aprel 15:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını boğaraq öldürməkdə təqsirləndirilən Rafael Yolçuyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyev keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, qətl hadisəsi bu ilin yanvarında Şamaxıda baş verib. 1977-ci il təvəllüdlü rayon sakini Rafael Yolçuyev ailə münaqişəsi zəminində 1981-ci il təvəllüdlü bacısı Yasəmən Arzuxanovanı boğaraq öldürüb.

Ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan Şamaxıya apararaq qətlə yetirib və polisə könüllü təslim olub.

Məlum olub ki, qətl hadisəsi qisqanclıq zəminində baş verib. Yasəmənin pis yola düşdüyünü bilən Rafael onu qətlə yetirib.

Rəfael Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Hakim işdə intim münasibətlərlə bağlı məqamlar olduğu üçün məhkəmə prosesinin qapalı keçirilməsinə qərar verib.

Proses başladıqdan sonra Rəfael Yolçuyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Rəfael Yolçuyev bacısının başqa kişi ilə intim münasibəti olduğunu deyib.

Qapalı iclasda o da məlum olub ki, Yasəmən Yolçuyevanın hüquqi varisi qismində qızı tanınıb.

Məhkəmə prosesi aprelin 27-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: