21 Aprel 2017 21:10
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlığa çıxandan sonra Tamaz və Cəlil "əməllər"ini davam etdiriblər

Bakının Nəsimi rayonu ərazisində avtomobil oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Hacıqabul rayon sakini Asif Həsənova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Nəsimi rayon Polis İdarəsinə məlumat daxil olub. Məlumat dərhal Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti vasitəsilə yoxlanılıb. Yoxlama zamanı avtomobilin paytaxtdan çıxarıldığı aydın olub.

Polis əməkdaşlarının keçiridiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Tamaz Bayramov və Ağdam rayon sakini Cəlil Mikayılov tutulublar.

Avtomobil Ağdam rayonu ərazisində tapılıb. Məlum olub ki, şübhəli şəxslərin hər ikisi əvvəllər həbsxana həyatı yaşayıblar. Dəfələrlə oğurluq etdikləri üçün əvvəllər məhkum olunan Tamaz Bayramov həbsxanada Cəlil Mikayılovla tanış olub. Həbsxanadan dostluq etməyə başlayan Tamaz Bayramov və Cəlil Mikayılov həbsdən azad ediləndən sonra dostluqlarını davam etdiriblər.

Birlikdə paytaxtda gəzən iki dost oğurluq etmək qərarına gəliblər. Onlar Asif Həsənovun avtomobilini oğurlayandan sonra Ağdam rayonuna gediblər. Elə orada da saxlanılıblar. Həbsxana dostlarının başqa cinayətlərdə iştirak edib-etməmələri araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov