21 Aprel 2017 19:28
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filial müdiri sənədləri saxtalaşdırıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilən “Zaminbank” ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəfin nümayəndələri vəsatət veriblər. Onlar təkrar mühasibatlıq ekspertizası təyin edilməsini istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Sonra prokurora çıxış etmək üçün söz verilsə də, o, məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Bu səbəbdən növbəti proses mayın 5-nə təyin edilib.

İttihama görə, “Zaminbank”ın filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramov və filial əməkdaşları sənədləri saxtalaşdırıb, ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəyiblər.

Müşfiq Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərova və xəzinə müdiri Mehriban İsmayılova isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyandan 41 min 300 manatının ödənilməsi təmin edilib.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov