22 Aprel 2017 12:55
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürməkdə təqsirli bilinən Lənkəran rayon sakini, 1993-cü il təvəllüdlü Vurğun Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 25 aprel 2015-ci ildə Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində baş verib. Qəsəbə sakini Şamama Fərəcovaya məxsus inək Vurğun Əlizadə babası Ağa Əliyevin həmin qəsəbədə icarəyə götürdüyü ərazidə əkilmiş taxıl sahəsinə girdiyini görüb.

Taxıl zəmisindən başlayan dava

O, həmin inəyi sahədən çıxarıb və Şamama Fərəcovaya təhvil vermək üçün aparıb. Vurğun yolda Şamama ilə rastlaşıb. Bu zaman Vurğun Əlizadə onunla aralarında böyük yaş fərqinin olmasına əhəmiyyət verməyib.

Vurğun Əlizadə babasının sahəsinə inəyin girməsinə görə kobud şəkildə Şamama Fərəcovaya irad bildirib. O, Şamamadan inəyini həyətində saxlamasını tələb edib.

Qətli törətmək qərarı

Bu zaman Vurğun Əlizadə ilə Şamama Fərəcovanın arasında mübahisə yaranıb. Şamama da ona və ailə üzvlərinin ünvanına qarğış edib, nalayiq ifadələr işlədib.

Nalayiq ifadələr işlətməsini bəhanə edən Vurğun Əlizadə Şamama Fərəcovanı öldürmək qərarına gəlib. O, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə həmin gün gecə saat 24 radələrində Şamama Fərəcovanın yaşadığı evə gedib.

Qəddarlıq və rəhmsizlik

Vurğun Əlizadə orada heç bir əsaslı səbəb olmadan, aralarında axşamçağı baş vermiş mübahisəni bəhanə gətirib. O, xuliqanlıq niyyəti ilə, 1941-ci il təvəllüdlü Şamama Fərəcovaya qarşı zorakılıq göstərib. O, yaşlı qadına qəddarlıq və rəhmsizlik edib.

Vurğun Əlizadə əvvəlcədən planlaşdırdığı qətli həyata keçirmək üçün otaqdakı sobanın qarşısından götürdüyü odun parçası ilə ayaq üstə dayanan Şamama Fərəcovanın baş nahiyəsinə bir dəfə vurub. Bu zərbənin təsirindən Şamama Fərəcova döşəmənin üzərinə yıxılıb. Vurğun Əlizadə sonra yaşlı qadına daha bir zərbə endirib.

Kömək çağırmaq istədi

Şamama Fərəcova aldığı xəsarətlərin təsirindən halsızlaşmış olsa da, həyatını Vurğun Əlizadənin əlindən xilas etmək üçün güclə ayağa qalxıb. O, zəif səslə kömək çağırıb.

Bu məqsədlə çölə qaçmaq istəyən Şamama Fərəcovanın ağzını tutub və bədənindən yapışaraq bu cəhdinin qarşısını alıb. O, yaşlı qadını otağın döşəməsi üzərinə yıxıb və əli ilə sinəsindən sıxmaqla uzanıqlı vəziyyətdə saxlayıb.

Vurğun Əlizadə Şamama Fərəcovanın ağrılarının şiddətini artırmaqla xüsusi əzab və iztirab verən hərəkətlərini davam etdirib. O, otaqdakı sobanın yanında olan plastmas qabın içərisində olan mətbəx bıçağını götürüb.

Gecə yarısı dəhşətli qətl

Bu zaman Şamama Fərəcovanın baş nahiyəsinə yetirilmiş xəsarətlərin təsirindən tamamilə zəifləyib və Vurğun Əlizadəyə müqavimət göstərə bilməyib.

Vəziyyətin belə yarandığını görən Vurğun Əlizadə götürdüyü bıçaqla Şamama Fərəcovanın bədəninə zərbələr endirib. Bu əməli ilə Şamama Fərəcovanı həyatdan məhrum edib.

Üç maddəli cinayət işi

Vurğun Əlizadə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib.

18 il cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vurğun Əlizadə 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Vurğun Əlizadə apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Şirvan Apelyasiya Məhkəməsində hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar oxunub. Qərara görə, Vurğun Əlizadənin şikayəti təmin edilməyib.

O, eyni xahişlə Ali Məhkəməyə də müraciət ünvanlayıb. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə də Vurğun Əlizadənin şikayəti təmin edilməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Hacı Zeynalov


Müəllif: