22 Aprel 2017 18:20
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşad Həsənov və Rüstəm Rzayevin barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, ötən il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkar edilib.
Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri R.Rzayev və tanışı E.Həsənov tutularaq istintaqa cəlb ediliblər.

Məlum olub ki, həyat yoldaşı S.Rzayeva ilə münasibətlərində problem yaranan R.Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin ondan boşanmasında israrlı olduğunu görən S.Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. R.Rzayev isə ona mülkündən pay verməmək üçün qadını öldürtmək qərarına gəlib.

O, buna görə tanışı E.Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb. E.Həsənov yanvarın 10-da S.Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə mərhumun baş nahiyəsinə zərbə endirərək öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Həsənovla R.Rzayevin hər biri 16 il müddətinə azadlıqdan məhrum ediliblər.


Müəllif: