24 Aprel 2017 16:28
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin apelyasiya şikayətinə baxılacaq vaxt açıqlanıb.

Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, şikayət üzrə ilkin baxış mayın 5-ə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Ondan 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.

Digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla Anar Sultanov 7 il 6 ay şərti, İlqar Abdullayev 6 il 6 ay şərti, Kənan Orucov 7 il 23 gün şərti, Məhəmməd Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Ələkbərov 8 il 6 ay, İbrahim Hüseynov 8 il, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum olunub.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxslər hökmdən apelyasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Hacı Zeynalov


Müəllif: