28 Aprel 2017 13:53
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Emin Məmmədovun vəkili çıxış edib.

Vəkil Rabitə Nazirliyindən daxil olan məktubunu elan edib. Məktubda bildirlir ki, təqsirləndirilən Emin Məmmədov, Namazalı Məmmədov və Səhrab Hümbətov Rabitə Nazirliyinə vurulmuş maddi ziyanı tam olaraq ödəyiblər və hazırda nazirliyin adı çəkilən şəxslərə qarşı mülki iddiası yoxdur.

Hakim Əfqan Hacıyev deyib ki, hazırda nazirliyin nümayəndəsi prosesdə iştirak etmədiyi üçün bu məsələyə növbəti prosesdə baxılacaq.

Prosesin davamında hakim məhkəməyə gələn məktubları, həmçinin vəkillərin ötən prosesdə verdikləri vəsatətləri elan edib. Elan edilən məktublardan biri həbsdə olan Bakı Telefon Rabitə İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı Ramiz Hüseynovundur.

Məktubda Ramiz Hüseynov qeyd edir ki, qardaşının əmlaklarına həbs qoyulan zaman onun da mülkinə həbs qoyublar. O, Şamaxıda olan evinin, Nizami rayonundakı torpaq sahəsinin qardaşına aidiyyatı olmadığını və üzərindən həbsin görürülməsini məhkəmədən xahiş edib.

Məhkəmədə nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkilləri Elxan Süleymanov və Ceyhun Yusifov müdafiəni tam qurmaq üçün məhkəmədən vaxt istəyiblər.

Ceyhun Yusifov bildirib ki, ittihamın mahiyyəti hələ də onlara məlum deyil: "İttihamı 74 dəfə oxumuşam. 1-ci səhifədə yazılan məbləği 4-cü səhifədə özləri təkzib edirlər. Biz ona görə vaxtında vəsatətlər verdik ki, həmin məbləğləri hesablayan şəxslər gəlib məhkəmədə ifadə versinlər. Çünki hesablanan məbləğlər şişirdilib.

Siz təsəvvür edin, verilən 153 milyonluq ittihama ƏDV-ni də salıblar. Tam olaraq 23 milyon manat ƏDV-dir. Vəsatətlərimiz var ki, ekspertiza keçirilsin. Xahiş edirəm, ekspertiza keçirilsin və pullar düzgün hesabalansın. Vidadi Zeynalov paket alan olub, paket verən yox".

Həbsdə olan Bakı Telefon Rabitə İB-in sabiq baş mühasibi Anar Mustafayevin vəkili Gülşən Salmanova da məhkəmədə çıxış edib. Vəkil deyib ki, müvəkkilinə verilən ittihamda məbləğ şişirdilib: "867 min manatlıq ittiham verilib. Başa düşmürəm ki, bu məbləğ haradan çıxıb və necə hesablanıb".

Bakı Telefon Rabitə İB-in sabiq rəisi Beytulla Hüseynov məhkəmədən söz istəyərək çıxış edib. O bildirib ki, istintaqa verdiyi ifadələr təhrif olunub: "Mən danışdıqlarımı yox, özləri istəyənləri yazıblar. Mənə 10 milyon mənimsəmə yazıblar. Oturaq, mənə bu məbləği sübut eləsinlər, mən həmin dəymiş ziyanı ödəyim. Rəqəmləri elə şişirdiblər ki, sanki nazir mən olmuşam".

Bildirək ki, Beytulla Hüseynov sabiq nazir Eldar Mahmudovun qohumudur.

Bütün vəkillər ekspertiza keçirilməsi ilə bağlı vəsatəti dəstəkləyiblər. Dövlət ittihamçısı Fərid Nağıyev isə ekspertiza keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istəyib.

Hakimlər müşavirəyə gedərək vəsatəti müzakirə ediblər, ekspertiza ilə bağlı vəsatətlər təmin edilməyib.

Daha sonra Vidadi Zeynalovun vəkili Bəylər Məmişov çıxış edib. O bildirib ki, Vidadi Zeynalovla bağlı ittiham 74 səhifədən və bir cümlədən ibarətdir: "Sonda 7 milyon, 10 milyon və 153 milyon kimi ittihamlar səsləndirilir. Bunların hansı Vidadi Zeynalova aiddir? Aydın deyil ki, hansı ziyanı ödənsin, hara ödəsin? O zaman dövlət ittihamçısı hesablasın və yekun məbləği çıxarsın".

Məhkəmədə hakim Vidadi Zeynalova ifadə verməyi təklif edib. Bütün təqsirləndirilən şəxslər ifadə versə də Vidadi Zeynalov hələ də ifadə verməyib.

O, ifadə vermək istəməməsini belə izah edib: "Təzyiqim var. İfadə vermək üçün vaxt istəyirəm. Bir məsələni də qeyd edim ki, müstəntiq cinayət işində yazıb ki, Vidadi Zeynalov birinci gün istintaqa kömək edib. Məhkəmədə dolaşıq olan şeyləri mən sizə deyirəm".

Təqsirləndirilən sabiq baş mühasib Anar Mustafayev məhkəməyə etiraz edib. Bildirib ki, Maliyyə Nazirliyi 153 milyon ziyanla bağlı akt yazdığı üçün bu məsələ araşdırılmalıdır: "Niyə gəlmirlər? Onlara suallarım var. 20 gün ərzində 84 müəssisəni yoxlayıblar. 4 müəssisədə 154 adda məhsulun yoxlanması ilə bağlı akt var. Bu, fiziki cəhətdən qeyri-mümkündür. Bütün rekordları qırıblar. Yazıblar ki, 51 faiz şişirtmə var. Onların yazdığı ilə hesablayanda mal qalır gömrükdə. Türkiyə bizə havayı mal verirdi? Bəs müəssisənin mənfəti hanı?".

Hakim isə bildirib ki, rəqəmləri sonda məhkəmə hesablayıb qərar verəcək: "Bunun üçün ekapertizaya ehtiyac yoxdur. Məhkəmə çətinlik çətəndə ekspertiza təyin edir"

Növbəti məhkəmə prosesi mayın 3-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: