28 Aprel 2017 19:15
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrlik etdiyi prosesdə Vüsal Ələkbərov ifadə verib. İstintaqa verdiyi ifadəsini təsdiqləyən Vüsal Ələkbərov bildirib ki, zərərçəkmişlərin qərəzli ifadələri ilə ona ittiham qurulub. Xidməti fəaliyyətindən danışan Vüsal Ələkbərov qeyd edib ki, xidmətdə olduğu müddətdə ona qarşı heç kim şikayətçi olmayıb: "Gördüyüm işlərə görə daim mükafatlandırılmışam. Məhkəmələrdən apardığım işlərlə bağlı rəhbərliyə təşəkkür məktubları, qərarlar gəlib. Buna görə də həmişə rəhbərlik tərəfindən təltif olunmuşam".

"Texnikabank"ın "Bakı" filialının rəhbəri olmuş Zal Yusifovun barəsində açılmış 613-saylı cinayət işinin istintaqınfan danışan Vüsal Ələkbərov bildirib ki, Zal Yusifovla yanaşı Nizami Kazımov və Hüseyn Səfərovun barəsində də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə cinayət işi başlanıb: "Nizami Kazımov və Hüseyn Səfərov bir qrup vətəndaşdan topladığı pulları Zal Yusifova verib. Zal Yusifov da həmin vəsaitləri bankın balansına köçürmək əvəzinə, öz şəxsi maraqlarına sərf edib. Nizami Kazımov və Hüseyn Səfərov bu vəsaitlərin müqabilində Zal Yusifovdan 6 faiz gəlir götürüblər. Onlar həmin gəlirin 2 faizini əmanətçiyə, qalan 4 faizini isə özlərinə götürüblər".

Vüsal ələkbərov qeyd edib ki, həmin dövrdə Nizami Kazımov kürəkəni Samir Nadirliyə məxsus olan 704 min avronu da Zal Yusifova verib: "Nizami Kazımov bu vəsaitlə bağlı Zal Yusifovdan 6 faiz gəlir götürüb. Həmin gəlirin 2 faizini kürəkəninə verib, qalan 4 faizini isə özünə götürüb. Sonradan əlavə gəlir verilmədiyi üçün Samir Nadirli və digər pulu depozitdə olan şəxslər şikayət etməyə başladı. Zal Yusifovun cinayət işi ilə bağlı Nizami Kazımov da məsuliyyətə cılb edildi, barəsində ittiham elan edildi. Məhkımənin qərarı ilə Nizami Kazımovun barəsində həbs qətimkan tədbiri seçildi. İstintaq dövründə Nizami Kazımov mənim tərəfindən dindirilməyib. Onu istintaq şöbəsinin müstəntiqləri dindirib. O, həmin zaman ifadəsində vətəndaşlardan öul topladığını, həmin pulları Zal Yusifova verdiyini etiraf edib. Nizami Kazımovla istintaqdan kənar söhbətim olmayıb".

Vüsal Ələkbərov daha sonra ifadəsində Nizami Kazımovun qardaşı Arzu Kazımovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qəbuluna gəlməsindən danışıb: "Mövlam Şıxəliyev mənə zəng vurdu və bildirdi ki, nazirin qəbul otağında bir nəfər var, onu mənim yanıma gətir. Mən də onun gətirməyə getdim. Mövlam Şıxəliyevin otağına gedən zaman bildim ki, bu şəxs Nizami Kazımovun qardaşı Arzudur. O, Nizami Kazımov və Hüseyn Səfərovun həbsdən azad edilməsini istəyib. Mövlam Şıxəliyev də zərərçəkmişlərə dəymiş ziyan ödənildiyi halda qətimkan tədbirinin dəyişdirilməsinə baxılmasının mümkün olduğunu dedi. Bundan sonra Arzu Kazımov getdi. Bir neçə gündən sonra Arzu Kazımov 500 min manat ödəmək imkanlarının olduğunu, qalan ziyanı ödəyə bilməyəcəyini söylədi. Mövlam Şıxəliyev də bildirdi ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda qətimkan tədbirinin dəyişdirilməsindən söhbət gedə bilməz. Samir Nadirli və digərləri dəymiş ziyanı ödəyəndən sonra Nizami Kazımovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçildi. Mən hədə-qorxu yolu ilə Nizami Kazımovdan, başqalarından pul tələb etməmişəm. MTN-nin düşdüyü vəziyyətdən istifadə edirlər, mənə böhtan atırlar, bu yolla qazanc əldə etməyə çalışırlar. Onlar məndən qisas alırlar”. Vüsal Kazımovun sözlərinə görə, zərərçəkmiş Hüseyn Səfərov da ona böhtan atır: “Zal Yusifovla Namil Rzayev, Elşən Mədətov və digərlərini Hüseyn Səfərov əlaqələndirmişdi. Bütün bunlar 615 saylı cinayət işində öz təsdiqini tapıb. Həmin cinayət işinə baxış keçirilməsə, özümə qəsd edəcəm. Bunun da günahı məhkəmənin üzərində olacaq”. Hakim Vüsal Ələkbərovun bu ifadəsini məhkəməyə şantaj etmək kimi qiymətləndirib. Vüsal Ələkbərov məhkəmənin belə ifadələrlə şantaj etmədiyini deyib. O, bildirib ki, 615 saylı cinayət işinin tədqiq olmasını istəyir: “Bunun araşdırılmasını istəməyənlər var. Əks halda onlar mənə sui-qəsd edəcəklər”. Daha sonra ifadəsini davam etdirən Vüsal Ələkbərov qeyd edib ki, Hüseyn Səfərovun həmin dövrdə dələduzluq əməli tam sübuta yetirilib: “Amma onun xəstəliyi ilə bağlı qətimkan tədbiri dəyişdirilib. Həmin işdə 100-dən çox şikayətçi var idi. Həmin şikayətçilər aksiyalar keçirdilər. Həm prezident aparatından, həm də Baş Prokurorluqdan aksiya keçirən şikayətçilərə dəymiş ziyanın ödənilməsini tələb edirdilər. Buna görə də həm Hüseyn Səfərovun, həm də Nizami Kazımovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirildi ki, zərərçəkmişlərə dəymiş ziyan ödənilməsi məqsədi olub”. Vüsal Ələkbərov ifadəsində Hüseyn Səfərovun ona bağışladığı silahı geri tələb etməsi ilə bağlı ittihama münasibət bildirib: “Hüseyn Səfərovun bağışladığı ov tüfəngi istifadəyə yararsız olub. Buna görə də həmin silahı atmışam. Bu silahla bağlı mənə ittiham vermək lazım deyil. Ona həmin silahın təzəsini ala bilərəm”.

Vüsal Ələkbərov qeyd edib ki, 2009-cu ildə ev növbəsinə dayanıb: “Amma mənə ev verən olmadı. Məcbur qalaraq ipoteka götürərək özümə iki otraqlı ev aldım. 2009-cu ildən 2015-ci ilədək müddətə hər ay maaşımdan 400 manat kredit ödəmişəm”.

Vüsal Ələkbərov bildirib ki, Hüseyn Səfərovun həyat yoldaşı 14 nəfər zərərçəkmişə dəymiş ziyanın ödənilməsini təmin edib: “Bundan sonra həmin zərərçəkmişlər istintaqa müraciət edərək ziyanın ödənildiyini bildiriblər. Həmin zərərçəkmişi istintaq qrupunun müstəntiqləri dindirib. Həmin 14 nəfərdən yalnız 6 nəfər, Hüseyn Səfərovun yaxın qophumları olan şəxslər dindirilib. Bizim xeyrimizə olan şəxslər dindirilməyib. Istintaq orqanı həmin zərərçəkmişlərin ifadəsini alan müstəntiqlərində ifadələrini almaqda maraqlı olmayıb”.

Növbəti proses mayın 12-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: