16 May 2017 18:15
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayacaq. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılacaq. Məhkəmə baxışı mayın 17-nə təyin edilib.

Məlumat üçün bildirək ki, Təyminə Abdullayeva iş adamı Barat Abdullayevin həyat yoldaşı olub. Sonradan ayrılan ər-arvadın arasında mülk üstündə mübahisə yaranıb. İş adamı həyat yoldaşı tərəfindən dələduzluqla üzləşdiyini iddia edib və bu səbəbdən Təyminə Abdullayevanın barəsində cinayət işi başlanıb.

Teleqraf.com Təyminə Abdullayevanın istintaqa verdiyi ifadəni əldə edib.

O, ibtidai istintaqa bildirib ki, 1990-cı ildə ailə qurduğu Barat Abdullayev dayısı oğludur, həmin nikahdan 2003-cü ildə Neman adlı övladları dünyaya gəlib: “Evli olduğumuz halda Barat 1998-ci ildə Natalya adlı bir qadınla qeyri-rəsmi yaşamağa başladı və bir qız övladları dünyaya gəldi. Buna görə aramızda tez-tez problemlər, söz-söhbətlər olurdu. Övladımın atası olduğu üçün Barat Abdullayevi bağışladım. Ərim tez-tez işi ilə bağlı xarici ölkələrdə olub, Bakıya qayıtdıqda isə o biri ailəsinin yanında qalıb. Bu vəziyyətdən narazı qalmışam”.

Təyminə Abdullayevanın sözlərinə görə, bacısı qızı Esmira və onun tanışı Nazilə adlı qadın vasitəsi ilə Səkinə İsmayılova adlı qadınla tanış olub: “Nazilə mənə dedi ki, sənə cadu ediblər. Məsləhət gördü ki, Səkinənin yanına gedim. Esmira da belə məsləhət gördü. Nazilə məni Səkinənin Əhmədlidəki evinə apardı. Səkinə də mənə bildirdi ki, bir rus qadın sənə cadu edib. Cadunun çıxarılması üçün 20 min manat istədi. Bu pulla Gürcüstandan cadunun çıxarılması üçün müxtəlif əşyalar gətirəcəyini dedi. Bununla razılaşdım.

İki gün sonra bacım Rəna və qızı Esmira ilə Səkinənin evinə getdik, 20 min manatı ona verdim. Səkinə falıma baxıb dedi ki, mənim və oğlumun ölümünə cadu ediblər. Pulu alanda Səkinə bir bağlama verdi. Dedi, bunu gözdən uzaq, qaranlıq bir yerdə saxlayaq. Biz də Zığ qəsəbəsində zeytunluğa basdırdıq. Həmin vaxt Səkinə dedi ki, səbirli ol, yaxında hər şey düzələcək. Təxminən 1 ay sonra Səkinə ilə telefonla danışanda ona dedim ki, ərim bəzi obyektlərini və mənzilini satmaq istəyir. Amma alınmır.

Ondan kömək istədim. Səkinə Qəmbər adlı ekstrasensin kömək edəcəyini dedi”.

Təyminə Abdullayevanın sözlərinə görə, cadunun pozulması üçün 20 min manatı Səkinəyə özü verib: “Amma ekstrasens Qəmbərə özüm pul verməmişəm, Səkinədən çatdırmışam. Səkinə dedi ki, Qəmbər heç kimlə ünsiyyətdə olmur, pulu ver, işin həll olunsun. Mən də pulu ona verdim. Səkinə söz verdi ki, bir aya hər iki iş düzələcək. Amma üç ay keçdi, amma iş düzəlmədi. Bundan sonra pulumu geri istədim. Səkinədən səs çıxmadı”.

Təyminə Abdullayeva əri Barat Abdullayevlə birgə yaşadığı mənzili qanunsuz ələ keçirməkdə də təqsirləndirilir. O, gözəllik salonu almaq üçün evi ərindən xəbərsiz girov qoyması və pul götürməsi məsələsini belə izah edib: “Mən Səkinənin tanışı olan Eminə ailəli olduğumu, ancaq evin öz adıma olmadığını dedim. Ərimdən xəbərsiz evi girov qoymağın mümkün olmadığını söylədim. Emin bu işi həll etməyə söz verdi. Şərt kimi bildirdi ki, bank xərcləri olacaq. Həmin vaxt şəxsiyyət vəsiqəsini itirdiyim üçün ASAN xidmətə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi aldım. ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi alarkən nə nikah haqqında, nə də boşanmaq haqqında sənəd təqdim etdim. Evli və ya subay olduğumu demədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, şəxsiyyət vəsiqəsi aldıqdan sonra Eminlə əlaqə saxlayıb və “Dəmirçi plaza”da yerləşən “Faktor Lizinq” şirkətinin ofisinə dəvət edib: “Kreditlə bağlı danışdıq. Mənə 110 min manat lazım olduğunu dedim. Emin isə bildirdi ki, 130 min yazdıraq, 20 min də bank xidmətləri tutulacaq.
Mənə 100 min lazım idi, Səkinə demişdi ki, 10 min artıq götürüm. Həmin pulu Xəyyama verəcəkdi. Və sonra mənim pulumu qaytaranda geri ödəyəcəkdi. Bu məbləği verərkən lizinq şirkəti bir öhdəçi istədi. Mən də Səkinə ilə əlaqə saxladım. Xəyyam, Səkinə və Eminlə birlikdə 9 saylı notariat kontoruna getdik. Orada Səkinə də, mən də sənədləri imzaladıq. Mən sənədləri oxumadan imzaladım.

Daha sonra lizinq şirkətinin ofisinə qayıtdıq. Mən 110 mini aldım. Yolda pulun 60 minini Səkinəyə verdim, 35 min isə lombarda ödədim. Bu söhbətlərdən 2 aya yaxın vaxt keçdi. Amma Səkinə salonu mənim adıma keçirmədi. Hər dəfə müxtəlif bəhanə gətirərək məni aldatdı. Səkinə lizinq şirkətinə də pul ödəmirdi.
Mənə zəng edib dedilər ki, öhdəçiliyi öz üzərimə götürüm. Əgər pulu ödəməsəm, ev əlimdən çıxa bilər. Mən də 6 min ödədim. Həmin pulu da bacımdan aldım. Öhdəçiliyi öz üzərimə götürəndən sonra Səkinədən borc müqaviləsi bağlamağımızı istədim.

Əvvəlcə razılaşdı, sonra telefonları söndürüb yoxa çıxdı. Bu barədə ərimə və qaynıma dedim. Onların məsləhəti ilə polisə müraciət etdim”.

Daha sonra Təyminə Abdullayeva ifadəsində bildirib ki, evdən çıxarkən 3 mülki geyimli şəxs ona yaxınlaşıb: “Məni zorla maşına mindirmək istədilər. Onların polis olduğunu bilmədim. Həmin vaxt huşumu itirib yıxıldım. Onlara müqavimət göstərmədim. Ayılanda isə oğlum və dostlarının həmin şəxslərə mübahisə etdiyini gördüm”.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com