16 May 2017 20:10
2 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə qeyri-rəsmi saxladığı qadını öldürən Ağdamdan olan məcburi köçkün,1985-ci il təvəllüdlü Pərviz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Pərviz Vəliyev 1973-cü il təvəllüdlü Yeganə Mustafayeva ilə uzun müddət qeyri-rəsmi nikah münasibətində olub. Yeganə Mustafayeva ondan ayrıldıqdan sonra başqa şəxslə görüşüb.

Yeganənin bu hərəkətini qısqanclıq kimi qarşılayan Pərviz Vəliyev onun şəxsi həyatına müdaxilə edib. Bundan sonra Yeganə Pərvizin barəsində hüquq mühafizə orqanlarına müraciət edib. Pərviz Vəliyev onu hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən imtina etdirməyə çalışıb. Lakin Yeganə Mustafayeva şikayətindən imtina etməyib. Vəziyyətin belə yarandığını görən Pərviz Vəliyev onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Pərviz Vəliyev 4 noyabr 2015-ci il tarixdə, saat 17:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Lider” ətriyyat dükanının qarşısında özü ilə gətirdiyi bıçaqla Yeganə Mustafayevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Yeganə Mustafayeva aldığı bıçaq xəsarətlərindən ölüb.

“Eşitdim ki, evimə gəlib”

Pərviz Vəliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib. Onun barəsində toplanmış material baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Şirvan Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz Vəliyev bildirib ki, 2006-cı ildən etibarən Yeganə Mustafayeva ilə qeyri-rəsmi nikah münasibətində olub və onunla ər-arvad kimi yaşayıb.

Pərviz Vəliyevin sözlərinə görə, 2010-cu ilin əvvəllərində Aysel adlı bir qızla nişanlanıb: “Bununla bağlı Yeganə ilə münasibətlərimiz bir qədər pisləşdi. Həmin ərəfədə “Azərkörpü” ASC-nin Şabran rayonunda yerləşən tikinti sahəsində usta işləyirdim. Həmin vaxt eşitdim ki, Yeganə nişanlanmağıma görə evimizə gəlib və ailə üzvlərimlə mübahisə edib”.

Pərviz Vəliyev qeyd edib ki, bundan sonra Yeganəyə zəng edərək valideynləri ilə mübahisə etməsinə görə öz iradını bildirib və ondan ayrıldığını deyib: “Həmin vaxtdan təxminən 10 gün sonra Yeganə mənə zəng edərək telefonda ağladı və mənsiz yaşaya bilmədiyini söylədi. Onun sözlərindən kövrəldim və yenidən onunla barışdım. Bir müddət münasibətlərimiz davam etdi. Təxminən 2011-ci ilin sentyabr ayında ailə həyatı qurdum. Evləndikdən sonra Yeganə yaşadığı evə gələrək ailə həyatı qurduğuma görə mübahisə yaratdı. Bu səbəbdən də onunla münasibətlərim yenidən pozuldu. Bir müddət sonra Yeganə yenidən mənə zəng edərək barışdı. Yeganə telefonda danışdığı vaxtlarda məni sevdiyini, məndən ayrılmağı ilə barışmayacağını, məni itirməkdən qorxduğunu dedi. Buna görə də yenidən Yeganə ilə barışdım”.

“Yeganəni narahat etməyəcəyimə söz verdim”

Pərviz Vəliyev bildirib ki, 2012-ci ilin sonlarında işləmək üçün Rusiyanın Solikamsk şəhərinə gedib: “Orada təxminən üç ay qaldım. Həmin müddətdə Yeganə ilə telefon əlaqəsi saxladım. Mingəçevirə qayıtdıqdan sonra onunla görüşməyə davam etdim. Lakin yenidən Yeganə ilə münasibətlərim pisləşdi və nəticədə biz ayrıldıq. Bundan sonra bir müddət görüşmədik. Yeganədən ayrılsam da, onunla telefon əlaqəsi saxlamışam. Yeganə qarşısına çıxmamağımı məndən tələb edib. Təxminən bir-iki ay əvvəl Yeganəni yolda gördüm və onunla söhbət etmək istədim. Lakin o, mənimlə söhbət etməkdən imtina etdi və məndən Mingəçevir şəhər polis şöbəsinə şikayət edəcəyini bildirdi. Bir müddət sonra polis şöbəsinə çağırıldım. Orada məndən izahat alındı və Yeganəni bir daha narahat etməyəcəyimə söz verdim. Həmin vaxtdan sonra Yeganə ilə görüşmədim. Lakin onunla telefon vasitəsilə danışaraq əlaqə saxladım”.

“Dedi ki, atam var, qardaşım var”

Pərviz Vəliyevin sözlərinə görə, 3 noyabr 2015-ci ildə axşam saatlarında idarə etdiyi avtomobillə Mingəçevirdəki “Azərkabel” zavoduna doğru hərəkət edən zaman Yeganənin yolun kənarında telefonla danışa-danışa piyada getdiyini görüb: “Bu an geri dönərək Yeganəyə sarı hərəkət etdim. Mobil telefonla zəng edərək ondan haraya getdiyini soruşdum. Yeganə isə “sənin nə işinə qalıb hara gedirəm” cavabını verdi və telefonu bağladı. Mən oradan uzaqlaşdım. Həmin gün saat 21 radələrində Yeganəyə zəng edərək onun harada olması ilə maraqlandım. Yeganə sürücüsü olduğunu və sürücüsünün onu yaşadığı evə apardığını bildirdi. Yeganəyə sürücü ilə getməsinə görə iradımı bildirdim. Yeganə dedi ki, sənin nə işinə qalıb, mənim atam var, qardaşım var, kimlə istəyərəm onunla da gedərəm, gəzərəm. Sabah da məni sürücüm işə aparacaq. Sonra onu narahat etdiyimə görə polisə şikayət edəcəyini bildirdi”.

“Dedim ki, ayrılırıqsa, mehribançılıqla ayrılaq”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Yeganənin işə kimlə getdiyini dəqiqləşdirmək istəyib: “Bunun üçün noyabrın 4-də, saat təxminən 9 radələrində Yeganənin yaşadığı evin yaxınlığına getdim. Yeganə Mingəçevir şəhərində “Güllü bağ” deyilən ərazidə beşmərtəbəli binanın 5-ci mərtəbəsində yaşayırdı. Orada bir qədər gözlədikdən sonra “Opel” markalı avtomobilin həmin binanın qarşısında saxladığını və bir nəfər orta yaşlı kişinin avtomobildən düşərək Yeganənin yaşadığı bloka getdiyini gördüm. Təxminən 4-5 dəqiqə sonra Yeganə həmin kişi ilə blokdan çıxaraq, avtomobilə mindi. Həmin şəxs avtomobili idarə edərək MTN-nin Mingəçevir şəhər şöbəsinin qarşısında saxladı. Yeganə həmin şöbənin inzibati binasına daxil oldu. Bundan sonra həmin avtomobil oradan uzaqlaşaraq getdi. Təxminən 5-10 dəqiqə sonra Yeganə oradan çıxdı və Mingəçevir şəhər polis şöbəsinə getdi. Təxminən 5-10 dəqiqə sonra Yeganə polis şöbəsindən çıxaraq işlədiyi Mingəçevir şəhər Sanitariya və Epidemiya Mərkəzinə tərəf hərəkət etdi. Yolda Yeganəyə yaxınlaşdım və polis şöbəsinə şikayət etməməsini ondan xahiş etdim. Ona dedim ki, ayrılırıqsa, mehribançılıqla ayrılaq. Yeganə isə xoşluqla ayrılmayacağını bildirdi. Bundan sonra Yeganə yoluna davam edərək Sanitariya və Epidemiya Mərkəzinə getdi. Mən isə həmin yerdən uzaqlaşaraq öz işlərimin arxasınca getdim”.

“Anamın və qaynanamın ünvanına nalayiq sözlər işlətdi”

Pərviz Vəliyev bildirib ki, həmin gün saat 15:00 radələrində Yeganənin qardaşı Nəsimiyə zəng edərək, ondan Yeganə ilə danışmasını və bacısını şikayət etmək fikrindən daşındırmasını xahiş edib: “Nəsimi bundan sonra zəng edərək Yeganə ilə danışdığını, lakin onun öz mövqeyində israrlı olduğunu bildirdi. Nəsimiyə Yeganədən ayrıldığımı və bir daha onu narahat etməyəcəyimi bildirdim. Bunları ona çatdırmasını xahiş etdim. Sonra saat 16:20 radələrində Yeganə işdən çıxaraq mərkəzi poçt istiqamətində hərəkət etməyə başladı. Həmin vaxt Ruhi-Əsəb Dispanserinin qarşısında idarə etdiyim avtomobildə olmuşam. Yeganə mərkəzi poçta tərəf gedərkən “Platin” paltar mağazasının qarşısında ona yaxınlaşdım və onun polis şöbəsinə şikayət edib-etməməsi ilə maraqlandım. Həmin vaxt Yeganə anamın və qayınanamın ünvanına nalayiq sözlər işlətdi. Sonra Yeganə oradan getdi”.

“Öldürmək niyyətim olmayıb”

Pərviz Vəliyev qeyd edib ki, Yeganə sonra H.Əliyev prospekti ilə “Lider” ətriyyat mağazasına tərəf gedib: “Avtomobili idarə edərək H.Əliyev prospektinə tərəf hərəkət etdim. Həmin vaxt Yeganə telefonla danışa-danışa getdi və onun arxasınca avtomobildə gəldiyimi gördü. Yeganənin telefonla danışdığı şəxsə arxasınca gəldiyimi deməsini hiss etdim. Bunu Yeganənin ağız hərəkətlərindən hiss etdim. Bir qədər də irəliyə hərəkət edərkən yolun kənarında “Opel” markalı avtomobilin dayandığını və sürücünün də telefonla danışdığını gördüm. Belə başa düşdüm ki, Yeganə həmin avtomobili idarə edən şəxslə telefonla danışır. Mən avtomobildən düşərək iti yerişlə arxadan Yeganəyə yaxınlaşmaq istədi. Bu zaman ayağım büdrədi və yerə yıxıldım. Yeganə yerə yıxıldığımı gördü. Yeganəyə dedim ki, kiminlə danışırsan, sürücü ilə danışırsan?”. Yeganə isə “sənlik deyil” deyə cavab verdi. Bu zaman cibindəki bıçağı çıxardaraq onun sinə-ürək nahiyyəsinə iki dəfə zərbə vurdum. Lakin hadisə anında ona üçüncü bıçaq zərbəsi vurduğumu xatırlamıram. Yeganə Mustafayevanı öldürmək məqsədi olmayıb. Əslində Yeganənin qarın nahiyəsindən vurmaq istəmişəm. Lakin o, həmin anda aşağı əyildiyi üçün bıçaq zərbələri sinəsindən dəyib”.

“Hadisə barədə qardaşıma dedim”

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra idarə etdiyi avtomobilin yanına gəlib: “Elə bu vaxt “Opel” markalı avtomobil həmin yerdən uzaqlaşmaq istəyib. Əsəbimdən yumruqla həmin avtomobilin arxa sağ qapısının şüşəsinə zərbə vurmuşam. Əlimdə olan bıçağın arxası şüşəni sındırdı. “Opel” markalı avtomobil həmin yerdən uzaqlaşaraq getdi. Özüm avtomobilinə əyləşərək həmin yerdən uzaqlaşdım. Sonra qardaşım Sənana zəng etdim, hadisə barədə ona xəbər verdim. Sonra tanışım Raminlə “Güllü bağ” deyilən yerdə görüşdüm və avtomobilimi ona verdim. Özüm isə polis şöbəsinə gedərək növbətçi hissədə baş vermiş hadisə barədə məlumat verdim”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Kifayət Mustafayevanın sözlərinə görə, Yeganə onun bacısıdır: “Yeganə təxminən 1993-cü ildə ailə həyatı qurub və 1994-cü ildə ərindən boşanıb. Həmin nigahdan Yeganənin bir oğlu olub. Yeganə Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzində texniki mühəndis işləyıb. Pərviz Vəliyev isə bizim qonşumuzdur, əvvəllər Moskva şəhərində yaşayıb. 2013-cü ildə bacım Yeganə Pərvizdən gileyləndi və sonuncunun onun arxasınca düşdüyünü, onu təhqir etməsini bildirdi. Yeganə ölümündən təxminən 2-3 həftə öncə Pərvizdən polis şöbəsinə şikayət etdiyini mənə demişdi. Bacımı bunun səbəbini Pərvizin onu təhqir etməsi ilə izah etmişdi”.

“Anam Pərvizi qısqanıb”

Elvin Mustafayev bildirib ki, Yeganə onun anasıdır: “Hələ uşaq yaşlarındaykən atam ilə anam ayrılıb. Atam sonradan başqası ilə ailə qurub. Mən isə anamın himayəsində böyümüşəm. Anam ilə Pərviz Vəliyevin arasında sevgi münasibətləri olub və onlar hardasa 9-10 il ərzində birgə yaşayıblar. Anam ilə Pərvizin münasibətlərindəki ziddiyyətlər sonuncu Aysel adlı qonşu bir qızla evləndikdən sonra yaranıb. Anam Pərvizi Ayselə qısqanıb. Anam öldürülən vaxt müddətli həqiqi hərbi xidmətdə olmuşam”

Cinayət işi üzrə şahid qismində ifadə verən Süleyman Sadıqov bildirib ki, 2014-cü ilin iyul ayından etibarən Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şəhər şöbəsində sürücü kimi işləyir: “Mərhumə Yeganə işlədiyim şöbədə texnik vəzifəsində işləyib. Yeganə ilə bir otaqda oturmuşuq. Lakin tədricən münasibətlərimiz kişi-qadın münasibətlərinə çevrilib. İstifadəmizdə olan mobil telefonlarla mesajlar yazmışıq. Yeganənin əvvəllər Pərviz adlı şəxslə yaxın münasibətlərinin olmasını bilmişəm. Yeganə ilə yaxın münasibət qurduğum vaxtlarda o, Pərvizdən ayrılıb və onların münasibətləri pisləşib. Yeganə mənimlə bir yerdə olan vaxtlarda da Pərviz ona zəng edib. Lakin Yeganə Pərvizin zənglərinə cavab verməyib”.

Cəza: 11 il 3 ay

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Vəliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Pərviz Vəliyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Bundan başqa, zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib və təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib. Tərəflərin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com