19 May 14:20

Bu gün Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Famiq Əmirlinin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edərək, təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsi və ya həbs qətimkan tədbirinin ev dustqlığı ilə əvəz olunması barədə vəsatət veriblər.

Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə baxışı iyunun 1-nə təyin edilib.

Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.

Onun avtomobilindən FETÖ rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.


Müəllif: Hacı Zeynalov