19 May 2017 18:35
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə istintaqı başlanıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.

İttihama münasibət bildirən Təyminə Abdullayeva özünü təqsirli bilməyib. Prosesdə ilk əvvəl zərərçəkmişlərin dindirilməsi ilə bağlı qərar qəbul edilib.

Vəkil Janna Bağırova vəsatətlə çıxış edərək bu işin iki hissəyə ayrılmasını istəyib. Vəkilin fikrincə, əvvəlcə saxta sənəd və dələduzluq ittihamı üzrə araşdırılma aparılsın, daha sonra polisə müqavimət ittihamına baxılsın.

Təyminə Abdullayevanın digər vəkili Vasif İsrafilov da vəsatətin təmin edilməsini xahiş edib: “İndiyə qədər müdafiə tərəfinin verdiyi vəsatətlər təmin edilməyib. Müdafiə tərəfinin vəsatəti təmin edilsin, müdafiə tərəfinin sübutları araşdırılsın”

Məhkəmə vəsatəti təmin etməyib. Sonra Janna Bağırova prosesin video-görüntü ilə aparılmasını istəyib. Bu vəsatət də təmin edilməyib.

Prosesdə zərərçəkmiş polis əməkdaşı Oqtay Məmmədov ifadə verib: “İş yoldaşım Orxan Babayevlə mənə bildirdilər ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan Təyminə Abdullayevanı saxlamaq əmri verilib. Bölmədə qadın barəsində məcburi gətirilmə haqda qərar vardı. Onun yaşadığı mənzilə getdik, Təyminə Abdullayeva yaxınlaşdıq. Özümüzü təqdim etdik, vəsiqəmizi göstərdik. O, bizimlə getməyəcəyini dedi. Qollarından tutduq. Bacısı və bacısı qızı da üstümüzə hücum çəkdi. Təyminə Abdullayerva dırnaqları ilə qollarıma xəsarət yetirdi. Bacısı Rəna isə Orxana müqavimət göstərdi, onu yumruqla vuraraq xidməti işinə mane oldu”.

Digər zərərçəkmiş Orxan Babayev bildirib ki, hazırda polis sıralarında deyil: “Şəxsi məsələmlə bağlı polis sıralarından çıxmışam. Həmin vaxt bölmədə Təyminə Abdullayevanın məcburi gətirilməsi haqqında rəsmi qərar vardı. Bizə rəis tapşırıq vermişdi, gedib icra etdik”.

Təyminə Abdullayevin vəkili Janna Bağırova məhkəməyə sənəd təqdim edib. 17-ci polis bölməsinin vəkilin sorğusuna verdiyi cavabda Təyminə Abdullayevanın polis bölməsinə məcburi gətirilməsi haqda qərarın olmadığı bildirilir.

Orxan Babayev bildirib ki, həmin sənədi rəis Oqtay Məmmədovun əlində görüb. Polis əməkdaşı vəkillərin suallarının bir çoxuna cavab verə bilməyib.

Məhkəmə prosesi mayın 24-də davam edəcək.

Qeyd edək ki, Təyminə Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib. O, həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında həbs edilib. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə şəxsiyyət vəsiqəsini saxtalaşdırıb.

Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirib, ona 890 min manat məbləğində ziyan vurub.

Təqsirləndirilən şəxs isə bildirib ki, Əhmədli metrosunun yaxınlığında yerləşən “Vesta” Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonun sahibi kimi təqdim edərək oranı Təyminə Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. Səkinə İsmayılovanın təklifi əsasında Təyminə Abdullayeva evini girov qoyaraq “Faktor Lizing” MMC-dən kredit götürüb, həmin obyekti almaq qərarına gəlib.

Sənədlər imzalanarkən aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınması və pulu yarısının Səkinənin ödəməsinin qeyd olunduğunu bilib, digər sənədləri imzalamaqdan imtina edib.

MMC bir neçə ay sonra Təyminə Abdullayevaya pul ödəmədən evi Səkinə İsmayılovaya satıb.


Müəllif: Hacı Zeynalov