22 May 2017 15:29
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsxanada cəza çəkən polis əməkdaşı Tural Qafarovun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair əzrizəsinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Məhkəməsinin qərarı ilə Tural Qafarovun ərizəsi təmin olunub və onun cəzası şərti hesab edilib.

O, məhkəmə zalından azadlığa buraxılıb. Qərardan narazı qalan prokuror apelyasiya protesti verib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

İttihama görə, 2009-cu il dekabrın 1-də Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Kamil oğlu Qafarov yaşadığı Nəsimi rayonu, Dilarə Əliyeva, 251 ünvanında ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı, polis çavuşu Zaur Əliyevi bıçaqla qətlə yetirib.

Hadisənin təfərrüatı barədə danışan təqsirləndirilən baş verən hadisədə keçmiş həyat yoldaşını günahlandırıb: "Nərgizə həmişə deyirdim ki, axırda qan çıxaracaqsan. Bəsdir, məndən əl çək. Axırda qardaşı öldü, mən də həbsə düşdüm".

Tural Qafarov bildirib ki, 2009-cu ildə Nərgiz Əliyevanın şəxsi istəyi ilə ayrılıblar: "Oğlum anası Nərgizlə atasıgildə qalırdı. Mən də hərdən uşağı gəzməyə aparırdım. Hadisə baş verən gün axşam saatlarında oğlum üçün oyuncaqlar almışdım.

Oyuncaqları götürüb, Nərgizin yaşadığı həmin evə getdim. Nərgizin mobil telefonuna zəng edib uşağı soruşdum. Dedi ki, biz də sizə gələcəyik. Mən əhəmiyyət vermədim. Mənzilə qalxıb oyuncaqları oğluma verdim. 20 dəqiqəyə yaxın oğlumla qapının ağzında söhbət etdim. Bu zaman Zaur zəng etdi və harada olduğumu soruşdu. Mən onlarda olduğumu dedim. Bir neçə dəqiqə sonra isə gəlmədiklərini görüb, oradan uzaqlaşdım".

Tural Qafarov Nərgiz Əliyevanın təkidi ilə öz evinə gəldiyini bildirib: "Mən evə çatandan bir neçə dəqiqə sonra Nərgiz qardaşı ilə ora gəldi. Nərgiz məni görən kimi üstümə cumdu və nalayiq sözlər işlətməyə başladı. Mən Zaura yaxınlaşıb dedim, axı, biz danışdıq ki, bu məsələ atam Azərbaycana qayıdandan sonra həll olunacaq. Zaur mənə başımdan yumruq vurdu və başım dəmirə dəydi. Bundan sonra nə baş verdiyini bilmirəm".

2010-cu ilin avqust ayının 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə Tural Qafarov 12 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov