23 May 2017 19:33
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçən prosesdə şahid qismində Fuad Əhmədlinin dostu Vüsal Kazımov ifadə verib.

O, bildirib ki, nişanlısının istifadəsində olan nömrəyə tanımadıqları nömrədən zəng gəlib: “Həmin şəxs Samir Xəlilov olub və səhv düşdüyünü deyib. Mən Fuaddan həmin şəxsin mesajlarına baxmağı xahiş etdim. Bildirdi ki, mümkün deyil. Ancaq abunəçinin adını-soyadını dedi”.

Digər şahid qismində Səbuhi İmanov bildirib ki, Fuadla bərbərxanada tanış olublar: “Tanımadığım nömrədən mənə mesaj gəlirdi. Mən də Fuaddan həmin nömrənin kimə məxsus olmasını öyrənməyi xahiş etdim. Fuad da öyrənib dedi”.

Fuad Əhmədlinini sözlərinə görə, Səbuhi İmanova mesaj yazan şəxs onların ortaq tanışı olub və həmin şəxsin nömrəsi telefonunda olub.

Şahid qismində ifadə verən Elvin Qurbanov qeyd edib Fuad Əhmədli onun arvadının iş yoldaşı olub: “Aynur Əliyeva adlı xanımla münasibətim vardı. Mən ona zəng edəndə şübhələndim ki, balansında kontur yoxdur. Fuaddan soruşdum, o da yoxlayıb bildirdi ki, balansında kontur yoxdur”.

Daha sonra hakim bildirib ki, zərərçəkmiş şəxslərdən Aynur Əliyevaya məhkəməyə ərizə ilə müraciət edib. O, Türkiyədə olduğu üçün iclasın onun iştirakı olmadan keçirilməsini xahiş edib, hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Hakim onun istintaq zamanı verdiyi ifadənin elan edilməsi məsələsini müzakirə edib. Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev deyib ki, özü gəlmədiyi üçün şahidin ifadəsi elan edilə bilməz. Prokuror isə ifadənin elan edilməsini istəyib. Hakim Aynur Əliyevanın istintaq dövründə verdiyi ifadəni elan edib.

İfadədən məlum olub ki, Fuad Əhmədlini tanımır, onun şəxsi məlumatlarının tanışı Elvin Qurbanova göndərilməsindən istintaqa çağırılanda xəbər tutub və sarsıntı keçirib.

Vəkil Əsabəli Mustafayev isə Aynur Əliyevanın ifadəsinin sübutlar siyahısından çıxarılmasını xahiş edib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Növbəti proses iyunun 6-da davam edəcək.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bildirib ki, Fuad Əhmədli "Azərfon" MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, Fuad Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Fuad Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov