17 İyul 2014 10:25

2014-cü ilin 6 ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 1603 müraciətinə baxılıb, həmçinin 169 cinayət xarakterli material araşdırılıb.

Həmin materialların 53%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilıb.

Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən 2014-cü ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, prokurorluq orqanları korrupsiya ilə mübarizəni fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini 2014-cü ilin I yarımili ərzində də uğurla davam etdirib:

"Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə bu müddət ərzində 2864 müraciət daxil olub. Əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində daxil olmuş müraciətlərin əksəriyyətinin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, həmçinin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 6, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 3 cinayət işi başlanıb. Həmin işlərdən 7-si üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib".

K.Əliyev qeyd edib ki, Cinayət işləri Ağcabədi Pedoqoji Kollecinin direktoru Sahib Hüseynovun kollecin tələbəsindən sessiya imtahanlarından müsbət qiymət alması müqabilində 450 manat məbləğində rüşvəti alması, Bakı şəhər Nizami rayonu 117 №-li Mənzil Kommunal İstismar sahəsinin rəisi Bəşir Bəşirovun müvafiq sənədlərin verilməsi müqabilində vətəndaşdan 2 min manat, "Merac Holdinq"in İdarə Heyyətinin sədri Səbuhi Əliyevin zəlzələdən zərər çəkmiş ərazilərdə 204 evin yenidən tikilməsi üçün podrat işlərinin verilməsi müqabilində 20 min manat məbləğində rüşvət almaları və digər faktlarla əlaqədar olub.


Müəllif: