26 May 2017 18:59
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə şahid qismində Nihat Əliyev ifadə verib. O bildirib ki, zərərçəkmiş Vidadi Əzizovun dostudur: "Vidadi ilə uzun müddətdir ki, dostluq münasibətlərim olub. 2012-ci ildə Vidadi həbs olunan zaman "Qorqud" firmasında idim. Vidadinin həyat yoldaşı mənə zəng etdi və onun MTN əməkdaşları tərəfindən həbs edildiyini bildirdi".

Şahid qeyd edib ki, Vidadi Əzizovdan MTN-də pul alınmasını onun özündən eşidib. O qeyd edib ki, Vidadi Əzizovun hansı bizneslə məşğul olması və hansı işi görməsini bilməyib.

Şahidin ifadəsinə arayış verən Vidadi Əzizov bildirib ki, Nihat ilə yaxın dostluq münasibətləri olsa da, ona gördüyü biznes işləri barədə heç nə danışmayıb.

Onun sözlərinə görə, Nihat Əliyevin yanında İran İslam Respublikasında olan biznesmen Cəmşidyan haqqında ümumi danışıb: "Amma Cəmşidyanla hansı bizneslə məşğul olduğumuzu Nihat Əliyevə deməmişəm".

Məlumat üçün bildirək ki, bundan əvvəl keçirilən prosrəeslərdə çıxış edən Mirəziz Əsgərov bildirib ki, Cəmşidyan İran xüsusi xidmət orqanının generalı olub, Vidadi Əzizov onun tərəfindən əməkdaşlığa cəlb olunub.

Daha sonra MTN-nin əməkdaşı ifadə verib. Şahid Vidadi Əzizovun MTN-ə gətirilməsindən və orada dindirilməsindən danışıb.

Növbəti proses iyunun 9-da davam edəcək.

Hacı Zeynalov


Müəllif: Teleqraf.com