29 May 2017 15:23
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qayınatasını öldürməkdə təqsirləndirilən İsmayıllı rayon sakini, 1987-ci il təvəllüdlü Tural Rüstəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

İttihama görə, qətl hadisəsi 2016-cı ilin 22 avqust tarixində İsmayıllı rayonunda baş verib.

29 yaşlı Tural Rüstəmov münaqişə zəmnində qaynatası Roman Kərəmovu öldürüb.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilən Tural Rüstəmovun cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Tural Rüstəmov bildirib ki, mərhum Roman Kərəmov onun ailəsində olan məsələlərə tez-tez müdaxilə edib: "Hadisədən bir gün qabaq qayınatam bizə qonaq gəlmişdi. Bazarlıq edib, evə getdim. Onunla görüşüb hal-əhval tutdum. Hiss edirdim ki, o, mənə qarşı soyuq münasibət göstərir.

Bir az sonra qayınatam 4 yaşlı oğlumun üstünə qışqıraraq ona və mənim ünvanıma nalayiq ifadələr işlətdi. Əsəbiləşib evi tərk etdim. İstəmədim evdə uşaqların yanında mübahisə olsun. Atamın evinə getdim.

Zərgər işləyirdim. Bakıya qızıl göndərməliydim. Təxminən bir saatdan çox vaxt keçəndən sonra qayınatama zəng vurub ondan xahiş etdim ki, Bakıya gedəndə mənim qızıllarımı da özü ilə aparsın. Həmin gün Bakıya gedəcəkdi. O, yaşadığım binanın qarşısına gəldi. Qızılların mağazada olduğunu bildirdim. Xahiş etdim ki, qızılları mağazadan götürək. Sonra soruşdum ki, sən bayaq nə üçün mənim oğluma söyüş söydün? Axı o sənin nəvəndir.

Qonşular da şahiddirlər ki, o, mənə aqressiv cavab verərək maşına oturmağımı, söhbəti başqa yerdə davam etməyimizi istədi. Aramızda mübahisə düşdü, qardaşım bizi ayırdı. Sonra valideynlərim gəldilər. Evdə söhbət etdik. Aramızda problem qalmadı. Qayınatam evdən çıxanda mənimlə öpüşüb görüşdü”.

Tural Rüstəmovun sözlərinə görə, hadisə baş verən günü qayınatası ona zəng edib və söyüşlə danışıb: "Mağazanın qabağında məni gözlədiyini dedi, çölə çıxmağımı tələb etdi. Pəncərədən baxanda onun əlində bıçaq gördüm. Hər ehtimala qarşı işlətdiyim yeyə alətini cibimə ataraq yanına getdim. Mənə dedi ki, maşına otur, səninlə söhbətim var. Mən dəqiq bilmirdim ki, nəyə belə hərəkət edir. Maşına əyləşən kimi qapıları bağladı.

Söyüş söydü ki, telefonu söndür. Mən də onu sakitləşdirmək üçün telefonu söndürdüm. Yolda hara getdiyimizi soruşdum. Dedi ki, bu gün sənin həyatda sonuncu günündür, səni öldürməyə aparıram. Mən düz hərəkət etmədiyini dedim, geri qayıtmağımızı xahiş etdim. Dedim, sən mənim qayınatamsan, özü də hacısan, dünən aramızda söhbət oldu, orda da qaldı. Dava-dalaş lazım deyil".

Tural Rüstəmov qeyd edib ki, qayınatası ilə İsmayıllının mərkəzindən 8-9 km aralıda yerləşən “Çaqqal dərəsi” adlanan meşəyə gəliblər: "İlk dəfə idi ki, “Çaqqal dərəsi”nə gedirdim. Vahiməli yer idi. Maşından düşəndə dəhşətə gəldim. Filmlərdə belə vahiməli səhnələrə rast gəlmişdim.

Roman da maşından düşdü. Bir-iki metr aralanmışdıq ki, gözləmədiyim anda mənə bıçaq atdı. Bu an sağ əlimi qabağa verdim ki, bıçaq boğazıma girməsin. Bıçaq əlimi kəsdi. Yenə üstümə hücum çəkəndə cibimdən iş alətini çıxarıb onu vurdum.

Yarası o qədər də ciddi deyildi. Mənim əlimdən dəhşətli qan axırdı. Dedim ki, gəl, təcili həkimə gedək, qanaxmadan ikimiz də öləcəyik. O, heç nə olmamış kimi məni yenə öldürəcəyini deyib üstümə qaçdı. Qayınatamın gözü dönmüşdü. Həyəcanlı olduğumdam qaça bilmədim. O, mənə çatanda əlindən tutdum ki, vurmasın. Daha sonra hər ikimiz yerə yıxıldıq. O, fiziki cəhətdən məndən güclü olduğundan onun əlindən çıxa bilmirdim. Əlimdəki yeyə ilə onun bıçaq olan əlinə yüngül zərbələr vurdum ki, bəlkə bıçağı əlindən yerə atar.

Amma daha da qızışırdı. Niyyəti ancaq məni öldürmək idi. Allaha yalvarırdım ki, buradan sağ çıxım. Başqa yolum qalmamışdı. Ya mən ölməli idim, ya da qayınatam”.

Tural Rüstəmov ifadəsinin sonunda qeyd edib ki, mərhum qayınatası narkotik vasitə istifafəçisi olib: "Buna görə də dəfələrlə öz ailəsində münaqişə olurdu. Mənim indiyə kimi bir adamla problemim olmayıb. 16 yaşımdam işləyib, pul qazanmışam. Ailəmlə 5 ay idi ki, yeni evə köçmüşdük.

Qayınatam içki aludəçisi olduğundan qohumları onu bir neçə il əvvəl həcc ziyarətinə göndərmişdilər. Elə bilirdilər ki, o, həccə gedəndən sonra düzələcək. Bütün İsmayıllı bilir ki, qayınatam həccə getsə də narkoman olub, arvadına işgəncələr verib. Dəfələrlə polisə düşüb, 4 dəfə arvadı ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Qohumları da şahiddirlər ki, o, keçən il öz qayınatasının yaşadığı evə basqın edib, güllə atmışdı. Onları mənim atam barışdırdı. Yoldaşımla aramda problem olan kimi məni ölümlə hədələyirdi. Qohumlarına neçə dəfə demişəm ki, onu məndən uzaq edin".

Təqsirləndirilən şəxsin vəkili Sadiq Əfəndiyev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs hadisəni törətdikdən sonra polisə könüllü təslim olsa da, məhkəmə bunu yüngülləşdirici hal kimi nəzərə almır: “Eyni zamanda ibtidai istintaqda Tural Rüstəmovun cinayət hadisəsini törətdikdən sonra könüllü olaraq polisə gəlməsi və hadisə barədə ətraflı məlumat verməsi cəzanın yüngülləşdirici halı kimi nəzərə alınmışdı. Məhkəmə isə Tural Rüstəmovun könüllü olaraq təslim olması faktını şübhə altına aldı.

Digər tərəfdən hadisə zəruri müdafiə vəziyyətində törədilib, ancaq, qəsdən adam öldürmə maddəsi ilə ittiham verilib. Bu baxımdan hesab edirəm ki, məhkəmə kollegiyası işə qərəzli yanaşıb”.

Təqsirləndirilən şəxs son söz deyəndən sonra hakimlər kollegiyası müşavirəyə gedib.

Hökmə görə, Tural Rüstəmov cəzasının 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Hacı Zeynalov