17 İyul 2014 17:21
3 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Kürtmaşı kəndində məktəb direktorunun azyaşlı qıza təcavüz etməsi barədə yayılan xəbərə rayonun təhsil şöbəsindən reaksiya verilib.

Axar.az saytının verdiyi məlumata görə, rayonun Kürtmaşı kənd sakini olan A. adlı qız bir neçə gün öncə evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub: “Qız toyu olmuşdu. Avqustun 2-də oğlan toyu olmalıydı. Ancaq qız birdən-birə yoxa çıxdı. Anası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdi. Polis axtarışa başladı. Qız yoxa çıxandan 3 gün sonra tapıldı və məlum oldu ki, onu məktəb direktoru aparıbmış".

Sakinlərkn sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbində fəaliyyət göstərən qaçqın məktəbinə rəhbərlik edir. Kənd yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır.

Ağdam qaçqını olan direktorla A.-nın 3 ildən çoxdur münasibəti varmış: "Məktəb direktoru hazırda 18 yaşı olan A.-ilə 13-14 yaşından bəri münasibətdə olub. Qız bildirib ki, Zahid Namazov ona atalıq edir və guya mebel almağa aparıbmış. Necə atalıqdırsa, ananın bundan xəbəri yoxdur. A.-nın öz atası rəhmətə gedib. Direktorun qızın bakirəliyini bərpa etdirmək üçün onu həkimə apardığını öyrənən camaat etiraza qalxıb".

Kənd sakinləri məktəb direktorunun əxlaqsızlığına göz yummaq fikrində deyil. İyulun 16-da 200 nəfərə yaxın kənd sakini rayon İcra Hakimiyyətində olub və direktorun kənddən çıxarılmasını tələb ediblər:


"Zahid Namazov nəinki məktəb direktoru işləyə bilməz, ümumiyyətlə, kənddə qala bilməz. Ancaq İcra Hakimiyyətində məsələyə soyuqqanlı yanaşıblar. Kənd ağsaqqallarına deyiblər ki, sakitliyi qorusunlar, yaxınlarda tədbir görəcəyik. Ancaq biz gözləmək niyyətində deyilik, bu əxlaqsızlığın cavabı dərhal verilməlidir.

Məsələyə aydınlıq gətirən İsmayıllı rayon təhsil şöbəsinin müdiri Rasim Orucovun Teleqraf.com-a bildirdiyinə görə, Ağdam rayon 30 saylı məktəbin direktoru Zahid Namazov ətrafında yayılan şayiələr hüquqi cəhətdən öz təsdiqini tapmayıb: “Qız isə məktəbyaşlı deyil. Qız və nişanlısı polisə izahat veriblər ki, belə bir hadisə olmayıb. İzahatlarında bildiriblər ki, onların toyları olub və yaxın günlərdə də evlənəcəklər”.

Zahid Namazovun kənd sakinləri tərəfindən çıxarılması üçün icra hakimiyyətinə 200 nəfər sakinin getməsi barədə məlumata isə Rasim Orucov belə cavab verdi: “Təhsil şöbəsi icra hakimiyyəti ilə üzbəüz binadadır. Mən bu qədər sakinin icra hakimiyyətinə müraciət etdiyini görməmişəm. Ümumiyyətlə, sözügedən məktəb direktoru ilə bağlı məsələnin bizim rayonun təhsil şöbəsinə heç bir aidiyyəti yoxdur”.

NİGAR


Müəllif: