18 İyul 2014 09:45
579

Salyan rayonunda iki nəfər Kür çayında batıb.

Bu barədə Teleqraf.com-a Salyan rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb. Həmin yaşayış massivinin sakini, 44 yaşlı Azər Əliyev uşaqların sərinlənməsi üçün öz oğlunu, qardaşı və qaynı oğullarını götürərək Kür çayı sahilinə gəlib.

Uşaqlar Kür çayında çimərkən onun özü isə sahildə onlara nəzarət edirmiş. Bu zaman Azər Əliyevin qardaşı oğlu, 13 yaşlı Samir Əliyev Kürün dərin hissəsində batıb. Azər Əliyev qardaşı oğlunu xilas etmək istəyib. Amma hər iki şəxs Kür çayında boğulub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan sulardan xilasetmə məntəqəsinə məlumat verilib və hadisə yerinə xilasediclər gəlib. Axtarışlar zamanı azyaşlı Samir Əliyevin meyiti çaydan çıxarılıb. Azər Əliyevin meyitini tapmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: