14 İyun 2017 18:31
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Namus üstündə anasını öldürməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Maarif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, hadisə ötən ilin dekabrında Zabrat-2 qəsəbəsində baş verib. Füzuli rayonundan olan məcburi köçkün Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.

Maarif Əliyev polisə könüllü təslim olub. O, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

Maarif Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Hadisədən bir müddət əvvəl Mədinə Qurbanova ilə əri Eldar Əliyev arasında mübahisə olub. Bundan sonra Eldar Əliyev arvadından küsərək evdən gedib. Bildirilir ki, qadın başqa kişilərlə görüşüb. Bu barədə Maarif Əliyevə qonşular məlumat verib.

Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra Maarif Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Səsə qonşular gəlib.

Qeyd edək ki, Mədinə Qurbanovanın 4 övladı var. Maarif Əliyev ortancıl oğludur.

Maarif Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir.

Hakimlər məhkəmə baxışının iyunun 21-ə təyin edilməsi barədə qərar qəbul ediblər.


Müəllif: Hacı Zeynalov