16 İyun 14:49

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların pulunu ələ keçirən “Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənovanın məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.

Şahidlədən biri MMC-də operator işləmiş Lalə Səlimli olub. O bildirib ki, işlədiyi müddətdə yalnız qonaqların qəbulu və sənədlərin hazırlanmasında iştirak edib. Heç kimin işə düzəlməsində və pul alınmasında iştirak etməyib, yalnız maaş alıb.

Digər şahid Aslan Əmiraslanov olub. İşə düzəlmək üçün 600 manat verən Əmiraslanov sadəcə 2 ay işləyib: "Birinci ay 500, sonra 100 aldım. Gördüm iş alınmır, çıxdım".

Şahid Məhəmməd Əhmədov 1000 manat zərər gördüyünü deyib: "Pulu "Caspian plaza"da ofislərində verdim. Sonra da dedilər ki, Qazaxıstana gedəcəksən. Gah gəmi, gah da təyyarə ilə yola salacaqdılar. Amma gedib çıxa bilmədik. Sonra da bizi işə düzəldənlər yoxa çıxdılar. Telefonlarına zəng çatmadı. Pul da batdı. Aylar sonra polisdən zəng elədilər. İndi ümid edirəm ki, pulum qaytarılacaq".

Bu iş üzrə pul alınan şəxslərin əksəriyyətinə sürücü kimi işə düzəlmək vəd edilib. Onlar Qazaxıstandan Azərbaycana yük daşıyacaqlarmış.

Şahid Anar Əliyev özü qeyd edilən MMC vasitəsi ilə işə düzəldikdən sonra tanışlarını işə düzəltmək istəyib: "Özüm 700 manat verib sürücü kimi işə düzəldim. Aylıq 600 manat maaş alırdım. Sonra dostlarımı işə düzəltmək istədim. Onların bəzilərindən pul alıb MMC-yə verdim. Amma onlara iş verilmədi. Buna görə də Mətanətlə aramızda mübahisə yarandı. Bizdən qaçırdı, pulu vermirdi. Camaat da pulu məndən istəyirdi. Bir gün yolda Mətanəti tutduq. Maşınından düşürüb açarı aldıq. Atası gəldi, polisə zəng elədilər. Biz də şikayətimizi etdik".

Məhkəmədə o da məlum olub ki, qeyd edilən hadisə zamanı Mətanət Həsənovanın qardaşını döyən və onlara fiziki güc tətbiq edənlərdən biri olan şəxs ləğv edilmiş MTN-nin işçisi olub. Onun məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmədə o da məlum olub ki, şahid Anar Əliyev barəsində də cinayət işi açılıb. O, bir neçə nəfərin pulunu alaraq işə düzəltmək vədi verməkdə təqsirli bilinir.

Təqsirləndirilən Mətanət Həsənova Anar Əliyevdən şikayətçi olduğunu və şirkət adından bir çox şəxsdən pul aldığını deyib: "Bunlar qrup şəklində camaatdan pul alıb. Amma şirkətə verilməyib. Yolda da maşınımızın qabağını kəsdilər. Qardaşıma da şillə vurub, döydülər. Yanlarında olan bir nəfər MTN vəsiqəsi göstərdi. Dedi, sizin başınıza oyun açacam. Sonra atam gəldi, polis çağırdıq".

Hakim Anar Əliyevə bu əməlinə görə xəbərdarlıq edib və hüquqi qiymət veriləcəyini deyib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, Mətanət Həsənova 2015-ci ilin noyabrından 2016-cı ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları "Topstap LTD" MMC-nin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadıb. Onların xeyli miqdarda pulunu ələ keçirib.arəsində edilən çoxsaylı şikayətlərdən sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddələri ilə cinayət işi başlanıb və o, şübhəli şəxs qismində tutulub.


Müəllif: Hacı Zeynalov