17 İyun 2017 12:42
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilmiş 1980-ci il təvəllüdlü Rəhman Musayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Musayev şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Rəhman Musayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə Rəhman Musayevin apelyasiya şikayətinə baxılır.

Məhkəmə baxışı iyunun 20-nə təyin edilib.

Rəhman Musayev Cinayət Məcəlləsinin 271-ci (Kompüter sisteminə qanunsuz daxil olma) maddəsi ilə ittiham edilib. Bundan əlavə o, vergidən yayınmada da təqsirli bilinib.

Ləğv edilmiş MTN tərəfindən həbs edilən Rəhman Musayev 1 il təcridxanada saxlanılıb. Onu MTN-in Baş İstintaq şöbəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyevin rəhbərlik etdiyi qurum həbs edib. Mövlam Şıxəliyev MTN ləğv edildikdən sonra işdən azad olunub.

Məlumata görə, “Azəriqazbank”da hesabı olan Rəhman Musayev xarici vətəndaşla birlikdə sahibkarlıqla məşğul olub.

MTN-ə çağırılan Rəhman Musayevdən qazandığı pulların, bank hesabında olan vəsaitin haradan alınması soruşulub. Bundan sonra ona qarşı ittihamlar irəli sürülüb.

Daha sonra Mövlam Şıxəliyev Rəhman Musayevin azadlığa buraxılması üçün onun ailəsindən 1 milyon manat tələb edib.

Yasamal rayonunda olan mənzillərini satan ailədən 200 min manat alınsa da, o, azadlığa buraxılmayıb. Əksinə daha bir neçə maddə ilə ittiham irəli sürülüb.

Hazırda Rəhman Musayevin ailəsinə məxsus bağ evinə və digər əmlaklarına həbs qoyulub. MTN-də bağı evinin qanunsuz vəsait hesabına tikildiyi iddia olunub.

Qeyd edək ki, Rəhman Musayev və ailəsi də “MTN işi”ndə zərərçəkmiş kimi tanınıb.


Müəllif: Hacı Zeynalov