17 İyun 2017 14:35
3 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elmur Alxazov, Ramil Əsirov, Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Elmir Alxazov ifadə verib.

O, bildirib ki, təqsirləndirilən Fuad Məmmədzadə ilə sinif yoldaşı olub: “Fuadla 10 il bir yerdə oxumuşuq, sonrada Suraxanıda kənd uşağı kimi tanıdığım digər şəxslərlə, həmçinin Fuadla tez-tez görüşmüşük. Görüşlərin birində Fuad mənə marixuana əkməyə yer lazım olduğunu bildirdi. Ona dedim ki, Abbas və digər tanıdığım uşaqlar var, onların vasitəsi ilə yerlə maraqlanaram.

Sonra Abbasla onun işlətdiyi internet klubda görüşdüm, ona Fuadın dediyi məsələni danışdım. Həmin vaxt mərhum Elnur Hümmətov (onu dəstə üzvləri qətlə yetirib – red.) da orada idi. Onlara Cavid Alxazovun Qala qəsəbəsində evi olduğunu, həmin evi kirayə götürməyi təklif etdim. Sonra Abbas və Elnur ilə birlikdə Fuadla görüşdük. Cavidin evini kirayə götürmək və orada narkotik becərmək barədə razılaşdıq. Sonradan Ramil də bizə qoşuldu.

Cavidlə birlikdə Qala qəsəbəsində olan evə baxdıq. Həmin vaxt ona evi nə səbəbdən kirayə götürdüyümüz demədik. Bildirdik ki, ustayıq, Qala qəsəbəsində bir proyektlə bağlı iş götürmüşük, həmin işi görmək üçün burada bizə kirayə ev lazımdır.

Ev yaşamağa yararsız idi. Cavidlə evin kirayə haqqını təmir işlərinə xərcləyəcəyimiz barədə razılaşdıq. Təmir başa çatandan sonra Fuad, Ramil, Elnur və Abbasla birlikdə evdə dibçəklərdə marixuana əkdik. Cavidin bu əkindən xəbəri olmayıb. Elnur və Abbas növbətçiliklə marixuanalara nəzarət ediblər. Bütün bunlar 2013-cü ilin yaz aylarında olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevral və ya may ayında Ramil Qala qəsəbəsində olan zaman ona zəng vurub: “Ramil marixuanalarla bağlı problem olduğunu və təcili bağa gəlməyimizi bildirdi. Mən də bunu Abbasa dedim və onun maşını ilə yol üstü Suraxanıdan Fuadı da götürərək bağa gəldik. Bu zaman Ramilin ağladığını, ortalıqda bir meyit olduğunu gördük. Ramil dedi ki, Elnuru öldürmüşəm. Meyiti görəndə halım pisləşdi, digər uşaqlar da pis vəziyyətə düşdü, elə bil şok keçirdik. Abbasın və Fuadın vəziyyəti daha da pis idi. Abbas Fuadı maşını ilə apardı. Sonra mən və Ramil meyiti bağda basdırdıq”.

Prokurorun suallarını cavablandıran Elmir Alxazov bildirib ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzgün yazılmayıb. Onun sözlərinə görə, həmin ifadələr işgəncə altında alınıb və imza atmağa məcbur edilib: “Elnur Əsirov və Cavid Alxazovun narkotik əkilməsindən, qətl hadisəsinin törədilməsindən xəbəri olmayıb. Onlar tutulandan sonra biliblər”.

Elmir Alxazov qeyd edib ki, narkotik vasitəni istifadə etmək üçün əkiblər: “Marixuananı əkəndən bir ay sonra ölüm hadisəsi baş verdi. Buna görə də dibçəklərdə əkdiyimiz marixuana kollarını yandırdıq. Narkotik vasitəni satmaq məqsədimiz olmayıb. Toxumları Fuad xaricdən sifarişlə gətirmişdi. Amma hansı ölkədən gətirdiyini, nə qədər pul verdiyini bilməmişəm”.

Elmir Alxazov suallara cavab verərkən digər təqsirləndirilən Ramil Əsirovun Elnur Hümmətovu qətlə yetirməsini belə izah edib: “Ramillə Elnur arasında qız söhbəti olub. Elnur Ramilin tanış olduğu qızla telefonda danışıb. Buna görə də onların arasında söyüş olub. Ramil də onu vurub. Bağ evinin həyətində hazır qazılmış quyu var idi. Meyiti həmin quyuda basdırdıq. Bir ağılsızlıq etmişəm, meyiti basdırmaqda Ramilə kömək etmişəm. Biz qətli əvvəlcədən planlaşdırmamışıq. Meyiti basdırandan sonra razılaşdıq ki, bu barədə heç kim danışmasın”.

Tərəfləri suallarına cavab verəndən sonra prokuror Eldar Həmzəyev bildirib ki, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə istintaq ifadəsi arasında kəskin ziddiyyətlər var.

Prokuror onun ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsi barədə vəsatət verib. Hakim heyəti vəsatəti təmin edib və Elmir Alxazovun ibtidai istintaqa verdiyi ifadəsinin elan edilməsi barədə qərar qəbul edib. Hakimlər Elmir Alxazovun ibtidai istintaqa verdiyi ifadələrini elan edib.

Elmir Alxazov 28 iyul 2016-cı ildə şübhəli şəxs qismində verdiyi ifadəsində göstərib ki, Fuad Məmmədzadə onun sinif yoldaşı olub: “2012-ci ilin sonlarında Fuad mənə internet vasitəsi ilə marixuana toxumu əldə edib, əkib-becərərək pul qazanmağın mümkün olduğunu dedi. Odur ki, Fuadı əvvəlcə Abbas Hümmətovla, sonra isə Ramil Əsirovla tanış etdim. Sonra isə Ramil Əsirovun vasitəsi ilə Fuad Cavid Alxazovla tanış oldu. Biz Cavidin Qala qəsəbəsində yerləşən evində narkotik maddəni əkib-becərmək, narkotik vasitənin satışından əldə edəcəyimiz pulu isə aramızda bölmək barədə razılığa gəldik. Odur ki, Cavidin evində marixuana toxumlarını əkdik, növbə ilə həmin evdə keşik çəkdik, əkdiyimiz marixuanalara qulluq etdik”.

Elmir Alxazovun ifadəsinə görə, təxminən iki ay sonra Elnur Hümmətovun hərəkətləri onları şübhələndirməyə başlayıb: “Elnur tez-tez qrup üzvlərindən qaçıb, guya hansısa görüşdüyü qıza marixuana əkib-becərmək barədə məlumat verib. Elnurun bizi polisə satacağından qorxduq. Abbas, Ramil, Fuad və Cavidlə Elnur Hümmətovun hərəkətlərini müzakirə etdik. Bu zaman Fuad Elnur öldürməyi təklif etdi. Ramil Əsirov bu təklifə razı olsa da, Cavid və Abbas razılaşmadı.

Hadisə günü və ya bir gün qabaq Ramil Əsirov Elnuru evə gətirdi. Sonra Elnurun bağda olduğunu bizə bildirdi. Biz də bağa gəldik. Fuad təklif etmişdi ki, Elnuru qəflətən bıçaqla öldürək. Fuad Abbası mağazaya “skoç” almaq üçün göndərdi. Sonra Elnurla bizi nə üçün satması barədə söhbət etdik. Bu zaman Fuad Elnurun üstünə cumaraq onu boğmağa başladı. Ramil və yaxud Fuad evdən balış götürərək Elnurun ağzına tutdu. Elnurun sifətinin göyərdiyini gördüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ramilin qardaşı Elnur Əsirov da bağa gəlib-gedib. Onun sözlərinə görə, Elnur Əsirov qətl hadisəsi barədə məlumat olmasa da, narkotik vasitənin əkilməsindən xəbəri olub.

Elmir Alxazov daha sonra ifadələrində göstərib ki, Fuadın internet vasitəsi ilə Hollandiyadan marixuana toxumu sifariş verib: “Toxum poçt vasitəsi ilə gətirilib. Toxumun pulu 350 avro olub. Onun yetişdilməsi üçün 14 ədəd projektorun hərəsi 70 manatdan 1000 manat, dibçək və torpaq üçün isə 200-300 manat pul qoymuşuq”.

Elmir Alxazov ifadəsində qeyd edib ki, Fuad Elnur Hümmətova nəşənin satılması zamanı pulundan çıxılmaq şərti ilə 500 manat borca pul verib. Onun ifadəsinə görə, narkotik vasitə satıldıqdan sonra ona 500 manat verilib.

Elmir Alxazov istintaq verdiyi həmin ifadələrini təsdiq etməyib. Bildirib ki, məhkəmədə verdiyi ifadəsi düzgündür.

Növbəti məhkəmə prosesi iyunun 29-da davam edəcək.

İttihama görə, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evində narkotik vasitə əkiblər.

Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməsindən şübhələniblər. Buna görə də onu qətlə yetiriblər, həmin evin həyətində meyitini basdırıblar.

Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.

Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində dəstə üzvləri yaxalanıb.

Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.


Müəllif: Hacı Zeynalov