18 İyul 2014 14:28
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin ölkəmizə gətirilməsi və satışına qarşı növbəti uğurlu əməliyyat axtarış tədbirləri həyata keçirərək 20 kiloqrama yaxın həşiş və tiryəki dövriyyədən çıxarıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, İran İslam Respublikasından ölkəmizə qaçaqmalçılıq yolu ilə külli miqdarda müxtəlif tərkibli narkotik maddələrin gətirilməsi barədə Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan Baş İdarə əməkdaşları bu cinayətdə şübhəli bilinən şəxsləri nəzarətə götürüb.

Cəlilabad rayon Mikayıllı kənd sakini, 50 yaşlı Nadir Məmmədov ümumi çəkisi 7 kiloqramdan çox olmaqla 4 kiloqram tiryək və 3 kiloqram həşişi satmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb. Saxlanılan şəxs bildirib ki, narkotik maddələri həmkəndlisi Həmid Orucovdan satmaq məqsədi ilə alıb. Nadir Məmmədov tiryək və həşiş üçün 19 min Amerika dollarının 12500 dollarını əvvəlcədən Həmid Orucova verib, pulun qalan hissəsini isə satışdan sonra ödəyəcəyini deyib.

Əməliyyat tədbirlərini davam etdirən polis əməkdaşları 37 yaşlı Həmid Orucovu da yaxalayıb. Tiryək və həşiş üçün ödənilmiş 12500 Amerika dolları onun üstündən aşkar edilərək maddi sübut kimi götürülüb. Həmid Orucov etiraf edib ki, narkotik maddələri ona həbsdə olarkən tanış olduğu İran İslam Respublikasının Rza adlı vətəndaşından alıb.

Həmid Orucov onu da bildirib ki, Rza adlı şəxs bu saatlarda ona növbəti dəfə külli miqdarda tiryək və həşiş göndərib. Həmid Orucov həmçinin deyib ki, narkotik maddələr Mikayıllı kəndinin kənarında ot tayasının altında gizlədilib. İran vətəndaşı Rza Həmid Orucova narkotik maddəni oradan götürüb Cəlilabad yolunun kənarında gizlətməyi tapşırıb. Polis əməkdaşlarının iştirakı ilə ot tayasına baxış keçirilib və oradan idman çantasında ümumi çəkisi 12 kiloqram olmaqla 7 kiloqram tiryək və 5 kiloqram həşiş aşkarlanaraq götürülüb.

Narkotik maddə yol kənarında gizlədildikdən sonra əməliyyatçılar ərazini nəzarətə götürüb. Bu zaman tiryək və həşişi həmin yerdən götürən bir nəfər şəxs avtomobillə Masallı rayonu istiqamətinə hərəkət edib. Baş İdarə əməkdaşları həmin şəxsi - Masallı rayon sakini 39 yaşlı Maqsud Qasımovu da yaxalayıb. 12 kiloqram həşiş və tiryək onun idarə etdiyi avtomobilin yük yerindən maddi sübut kimi götürülüb. Maqsud Qasımov da ifadəsində bildirib ki, narkotik maddələri ona Rza adlı ilə tanıdığı İran vətəndaşı satış üçün göndərib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxslərin ətrafında istintaq əməliyyat tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: