19 İyun 13:15

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Azər Alxasovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə baş tutan prosesdə Azər Alxasovun anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Azər Alxasov əvvəllər də məhkum edilib. O, 2009-cu ildə hərbi xətmət keçən zaman Qazax rayon Məhkəməsi onun barəsində 300 manat cərimə qərarı çıxarıb.

İttihama görə, bu ilin fevralında Binəqədi rayonu, Biləcəri qəsəbəsində mağaza sahibi, 29 yaşlı Emin Məmmədov kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Azər Alxasov saxlanılıb. Dindirmələr zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Azər Alxasov törətdiyi cinayət əməlini etiraf edib. Bildirib ki, pulu olmadığından məhəllədə mağaza işlədən Emin Məmmədovdan pul istəyib. Ancaq mağaza sahibi çoxlu borcu olduğundan pul verə bilməyəcəyini deyib. Bununla razılaşmayan Azər Alxasov Emin Məmmədova bir neçə bıçaq zərbəsi vurub və hadisə yerindən uzaqlaşıb.

Azər Alxasov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq) maddəsi ilə ittiham olunur.

Məhkəmə baxışı iyulun 3-nə təyin edilib.


Müəllif: Hacı Zeynalov