19 İyun 14:17

İŞİD terror təşkilatının tərkibində döyüşməkdə təqsirli bilinən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qeyri-qanuni yollarla Suriya və İraq ərazisinə keçiblər, həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti (İŞİD)” və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər.

Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.

Afiq Qəhrəmanov və Rəşadət Qasımov Azərbaycana qayıdandan sonra həbs ediliblər.

İttihama münasibət bildirən Afiq Qəhrəmanov özünü qismən təqsirli bilib. Rəşadət Qasımov isə təqsirli bilməyib.

Sərbəst ifadə verən Afiq Qəhrəmanov deyib ki, 2013-cü ildə on dörd gün Suriyada olub: "Məqsədim yerli camaata kömək etmək, dağıntılar altında qalanları çıxartmaq idi. Burada idman zallarından birində məşqçi işləyirdim. Gedəndən sonra gördüm mən fikirləşdiyim kimi deyil, geri qayıtdım".

Digər təqdirləndirilən Rəşadət Qasımovun sözlərinə görə, Afiq Qəhrəmanovun Suriyaya getmək istəməsindən xəbərdar olmayıb: "Məndən borca pul istədi, verdim. Əl-Nüsra cəbhəsində olan şəxslərlə danışığım olub. Mənə deyirdilər ki, bura gəl, yaxşıdır. Lakin mən getmədim".

Növbəti proses iyulun 5-də davam edəcək.


Müəllif: Hacı Zeynalov