20 İyun 2017 16:18
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynov və Sənan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesdən əvvəl ölən şəxslərin valideynləri ilə təqsirləndirilən şəxs arasında mübahisə düşüb.

Zərərçəkmişlərin nümayəndəsi təqsirləndiriləni təhdid ediblər: "Uşaqların il mərasiminə qədər özünü öldürməsən, uşaqlarını öldürəcəyik".

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə dövlət hesabına Şirin Atayevin vəkil təyin edildiyi məlum olub.

Hakim tərəflərin vəkilə etirazı olub-olması ilə maraqlananda zərərçəkmişlər vəkilə etiraz edib. Onlar bildiriblər ki, 6 tələbənin ölümündə, 21 nəfərin yaralanamasında təqsirli bilinən şəxsi müdafiə etmək olmaz.

Bu zaman vəkil Şirin Atayev valideynlərdən hadisə haqda soruşub. O, təqsirləndirilən şəxsi tanımadığını deyib: “Bu hansı qəzadır? Sumqayıt yolunda olan? Televizorda göstərmişdilər, bu həmin adamdı? Hə, Allah rəhmət eləsin”.

Hakim bildirib ki, etiraz yalnız qanun çərçivəsində mümkündür. Zərərçəkmişlərin etirazı qəbul edilməyib.

Növbəti proses iyunun 29-a təyin edilib.

İttihama görə, bu ilin martın 9-da Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Belə ki, ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova, Lalə Nəsirzadə və Çinarə Quliyevadır.

Hadisədən sonra aparılan araşdırmalar nəticəsində mikroavtobusun sürücüsü Namiq Hüseynov həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov