21 İyun 2017 12:46
1 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:06

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesə ifadə vermək üçün Bakı Metropolitieni ASC-nın sabiq rəisi Tağı Əhmədov gəlib.

Hazırda davam edən proses açıq keçirilsə də, iclasa jurnalistlər buraxılmayıb.

Məlumat üçün bildirək ki, Akif Çovdarov və MTN-nin digər vəzifəli şəxsləri Tağı Əhmədova hədə-qorxu gələrək, ondan 3 milyon manat alıblar.

Tağı Əhmədov Akif Çovdarov və onunla birlikdə ittiham olunan şəxslərin cinayət işində zərərçəkmiş kimi tanınıb.

***

Məhkəmədən çıxan Tağı Əhmədov jurnalistlərə açıqlama verməyib.

Teleqraf.com-un məhkəmədə olan əməkdaşı bildirir ki,Tağı Əhmədov maşınına əyləşəndə bir kəlmə: "Sağ olun" deyib.

Daha sonra Bakı Metropoliteninin sabiq rəisi məhkəmənin ərazisini tərk edib.

Əldə etdiyimiz məlumata görə, Tağı Əhmədov məhkəmədə "Leyli və Məcnun"dan danışıb. Akif Çovdarovun vəkillərinin sualını cavablandıran Tağı Əhmədov bu dəfə də açıqlaması ilə yadda qala bilib.

Vəkilin "Sizin Akif Çovdsrovdan tələbiniz nədir" sualına Tağı Əhmədov belə cavab verib: "Hamı "Leyli və Məcnun"u oxuyub. Bütün dünya bilir ki, orada söhbət nədən gedir və Məcnun Leylidən nə istəyir. İndi burada da hər şey aydındır. Siz də savadlı adamsınız. Bilmirsiniz ki, mən nə istəyirəm... Verdiyim pulu".

Tağı Əhmədov əlavə edib ki, Akif Çovdarov ondan MTN üçün 10 "Qalenvagen" markalı avtomob almasını istəyəndə ona "yox" deyib: "Mən Eldar Mahmudova zəng elədim. Amma telefonu açmadı. Köməkçisilə danışdım. Mənə dedi ki, nazir sizin işinizi Akif Çovdarova tapşırıb. Eldar Mahmudov mənim yerlimdir, bir-birimizi çoxdan tanıyırdıq".

Hazırda proses davam edir.


Müəllif: Hacı Zeynalov