22 İyun 2017 11:00
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində tanışını qətl törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonundakı mənzilində tapılıb.

Məlum olub ki, o, həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib. Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə qatil tutulub.

İstintaq materiallarına görə, Zakir Məmmədov Firudin Hüseynovdan su qızdırıcısı almaq üçün onun evinə gəlib. Evdə onların arasında pul mübahisəsi yaranıb.

Bu zaman Zakir Məmmədov qızdırıcının üstündəki dəmir parçasını götürərək Firudin Hüseynovun başına bir neçə zərbə vurub. Firudin Hüseynov oradaca ölüb. Zakir Məmmədov onun əlindən yerə düşən 100 manatı götürərək evdən çıxıb.

İstintaq zamanı Zakir Məmmədovun dələduzluq əməli törətdiyi, buna görə qətl hadisəsindən əvvəl dələduzluq etdiyi üçün axtarışda olduğu aydınlaşıb. Belə ki, Zakir Məmmədov aptekə daxil olaraq Tərlan Aslanovun etibarından sui-istifadə edərək mobil telefonunu danışmaq adı ilə alaraq aptekdən çıxıb və oradan uzaqlaşıb.

Bundan əlavə, Zakir Məmmədov Anar Kərimovun 1200 manatlıq əmlakını soyğunçuluq yolu ilə ələ keçirib

Zakir Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 180-ci (soyğunçuluq) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilir.

İttihama münasibət bildirən Zakir Məmmədov özünü qismən təqsirli bilib. O, soyğunçuluq etmədiyini deyib.

Zakir Məmmədovun sözlərinə görə, qətlə yetirdiyi Firudin Hüseynovun ona borcu olub: “Rəhmətliyin mənə borcu var idi, 100 manatı da ona görə ölməzdən əvvəl mənə vermişdi. Pul yerə düşməmişdi. Dələduzluq etmişəm, adam öldürmüşəm, amma soyğunçuluq etməmişəm. Rəhmətlik söyüş söydü, ona görə vurdum. Mən söyüşü bağışlamıram, atamın oğlu da olsa, onu bağışlamaram”.

Daha sonra mərhum Firudin Hüseynovun qardaşı Fazil Hüseynov ifadə verib. Onun sözlərinə görə, qardaşının meyitini özü tapıb: “Qardaşıma zəng etdim, cavab vermədi. Bacım və bacım oğlu ilə evinə getdik. Mənzilin qapısı bağlı idi. Bacım oğlunda evin açarı var idi, onunla qapını açdı, içəri girəndə qardaşımın meyitini gördük”.

Şahid qismində ifadə verən təqsirləndirilən Zakir Məmmədovun qardaşı Kamran Məmmədov bildirib ki, hadisə zamanı binanın qarşısında maşında onu gözləyib: “Mən heç nəyin şahidi olmamışam. Sadəcə maşında Zakiri gözləyirdim. O bloka girdi və yuxarı qalxdı. Mən taksi xidməti göstərən qara “Mercedes”də onu gözləyirdim. Sonra sakitcə geri qayıtdı. Üstündə qan yox idi, həyəcanlı da deyildi. Mənə heç nə demədi”.

Daha sonra şahid qismində Fidurin Hüseynovun bacısı Nəzakət Xanzanova, onun iki oğlu Nicat Xanzanov və Elxan Xanzanov ifadə verib. Onlar istintaqa verdikləri ifadələrini təsdiqləyiblər.

Nəzakət Xanzanova bildirib ki, qardaşı Firidun məişət avadanlıqlarının təmiri ilə məşğul olub və düzəltdiklərini satıb. Onun sözlərinə görə, Zakir Məmmədov da onun müştərisi olub.

Növbəti proses iyunun 30-da davam edəcək.

Qeyd edək ki, Zakir Məmmədov Strasburqda universitetlərdən birində təhsil alıb. Onun bir övladı var.


Müəllif: Hacı Zeynalov