23 İyun 2017 17:38
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Elxan Mikayılov şahid qismində ifadə verib.

O bildirib ki, Vidadi Əzizovun saxlanması ilə bağlı əməliyyat tədbirlərində iştirak etməyib: "Məndən çanta istədilər. Mən də maddi sübut üçün içində sənəd göndərdiyimiz çantanı onlara verdim. Həmin çanta mənim şəxs notbukumun idi. 2012-ci ilin aprelində məndən ümumu şöbənin rəisi Aydın Manafov çanta istədi, verdim, sonra da özümə qaytardılar".

Hakim bildirib ki, şahidin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq ifadəsi arasında kəskin ziddiyyət var. Hakim onun ibtidai istintaqa verdiyi ifadəsini elan edib.

Elxan Mikayılov ibtidai istintaqa bildirib ki, 21 2-ci ilin aprelində Vidadi Əzizovun həbs edilməsi üçün keçirilən əməliyyatdan xəbəri olmayıb. Onun ifadəsinə görə, əməliyyatı 2-ci şöbənin rəisi Mirəziz Əsgərov və digərləri keçirib: "Dəhlizdə Mirəziz Əsgərovla rastlaşdıq. Bildirdi ki, inspeksiyadan gəlir, Vidadi Əzizovun şikayətdə onun adı hallanır. Bu zaman yadıma düşdü ki, həmin əməliyyat zamanı Aydın Manafova çanta vermişəm. Bunu Mirəzizə dedim".

Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, həmin hadisələrdən 4 il müddət keçib, hadisənin baş verdiyi günü dəqiq xatırlamır.

Vidadi Əzizov qeyd edib ki, ona verilən pul sellafon torbada olub: "Torbanı da özüm götürmədim. MTN-də gətirib maşın baqajına qoydular".

Mirəziz Əsgərov isə pulun idmançı çantasında olduğunu, zərərçəkmişin özünün apardığını deyib: "Elxan müəllim çox təcrübəli işçidir. İşini, peşəsini də yaxşı bilir. Onunla bir yerdə xidmət etmişik. İstəməzdim ki, kiminsə haqqına girmiş olaq. Yoxlamadan gələndə Elxan müəllimlə rastlaşdıq. Ona Vidadi Əzizovun şikayət etdiyini dedim. Elxan müəllim dedi ki, o iş bitmədi? Bu zaman Elxan müəllim çanta söhbətini yada saldı. Dedi ki, bilən bilir, bu nə məsələdir, daha səndən niyə şikayət edirlər...

Elxan müəllimə dedim ki, bu məsələni idarə rəisi olmuş Aydın Manafovun yanında açasan. Mən hər şeyi deyəcəm. Bu söhbətdən yarım saat sonra Aydın Manafovun otağında olduq. Bu məsələni orada da danışdıq. 20 aydır həbsdəyəm, faktlar ortaya qoyuram. Amma istintaq ehtimal üzərində işləyib".

Mirəziz Əsgərov qeyd edib ki, yoxlama şöbəsi Vidadi Əzizovdan alınan pulun məbləğini araşdırıb: "Məndən məbləği tələb edirdilər. Dedim ki, 541 min manat olub. Nazirliyinin əsas məqsədi məbləği dəqiq öyrənməkdir. Bu məbləğdə Aydın Manafov un otağında olub. Bunu da ifadə də yazmışam. Burada heç kimi asmırlar. Sadəcə həqiqətin üzə çıxmasını istəyirəm. Mənə ağır gələn həqiqətin üzə çıxmamasıdır. Hər birimizdə zabit şərəfi var. Bu dövlət dar gündə olanda öndə zabitlər gedəcək.

Burada obyektivlikdən kənara çıxmamalıdır. Bütün bunlar yaddan çıxan deyil. Elxan müəllimin ifadəsində ziddiyyətli məqamlar var. Mənə ən ağır cəzanı verin, hər şeyə razıyam. Amma nahaqqı qəbul etməyə çətinlik çəkirəm. Elə şey var ki, burada demək olmur. Mən çətin vəziyyətdə kimisə qoymaq istəmirəm".

Vidadi Əzizov qeyd edib ki, burada insan taleyi həll olunur, heç kimin günahsız yerə həbs edilməsini istəmir: “Bildiyiniz kimi bu işdə bir qrup şəxsin qanunsuz hərəkətlərindən söhbət gedir. Şəhərin ortasında bizi mühasirəyə alıblar, qadının başına silah dirəyiblər. Bu işdə mən təkcə Mirəziz Əsgərovun adını bilmişəm, onun da adını yazmışam. O birilərin adını bilməmişəm. Burada haqq-ədalətin ortaya çıxmasını istəyirəm”.

Bu zaman Mirəziz Əsgərov zərərçəkmişim ona yazdığı mesajı xatırladıb: “Zərərçəkmiş mənə: “Mirəziz, sənlik burada heç bir şey yoxdur, çox şeyi üzərinə götürmə” mesajını yazıb”.

Vidadi Əzizov həmin mesajı yazdığını təsdiqləyib. Hakim deyib ki, həmin mesajlar sənədlərin tədqiqi mərhələsində araşdırılacaq.

Mirəziz Əsgərov həmçinin evinin sənədinin geri qaytırlması ilə bağlı vəsatət verib. Bildirib ki, evinin sənədləri istintaq orqanı tərəfindən qanunsuz olaraq götürülüb: “Evdə iş görəndə sənədlər tələb olunur. Buna görə də ailəm problemlər yaşayır. Mülkiyyət qanununa görə, evin sənədi heç bir yerdə girov saxlanlması və götürülməsi qanunsuzdur”.

Hakim bildirib ki, həmin məsələ araşdırılacaq. Hakim həmçinin qeyd edib ki, növbəti məhkəmə iclasına MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Ədalət Əsədullayev, idarə rəisi olmuş Aydın Manafov və Rəşad Əhmədov dəvət olunacaqlar.

Hakimin sözlərinə görə, həmin şəxslər qapalı prosesdə dindiriləcəklər.


Müəllif: Hacı Zeynalov