23 İyun 2017 18:02
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda və quldurluqda təqdirləndirilən Raul Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, bildirib ki, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 180.2.2-ci (quldurluq) maddələri ilə təqsirli bilinən Raul Əhmədovun əməlləri ibtidai istintaqda və məhkəmə istintaqında sübuta yetirilib.

Dövlət ittihamçısı çıxışında Raul Əhmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı həmçinin onun narkotik istifadəçisi olduğu üçün məcburi müalicəyə göndərilməsini də məhkəmədən istəyib.

Son sözlə çıxış edən Raul Əhmədov özünü dələduzluqda təqdirli bilməyib. O, quldurluq əməli törətmədiyini söyləyib: “Etdiyim cinayət əməlini etiraf edirəm. Pulu dərman almaq üçün aldım. Amma qaytara bilmədim. Telefonu da alanda qaçmamışam. Etibardan sui-istifadə edib aldım, amma qaytarmadım. Nəzarət kameralarımda da var. Xahiş edirəm quldurluq ittihamına xitam verəsiniz”.

Təqsirləndirilən şəxsin vəkili quldurluq ittihamının təkrar dələduzluq əməlinə tövsif edilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin hökmü ilə Raul Əhmədov 6 il azadlıqdan məhrum edilib. Həmçinin onun məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar çıxarılıb.

İttihama görə, Raul Əhmədov Sumqayıt şəhərində tanışından dərman almaq adı ilə 200 manat alıb, amma qaytarmayıb. Onun digər əməli isə Sumqayıtda taksi sürücüsündən telefonunu alaraq qaçması olub.

Raul Əhmədov daha əvvəl də narkotik istifadəsinə gırə məhkumluq həyatı yaşayıb. 1 il 6 ay cəza alan Raul Əhmədov amnistiya ilə azadlığa çıxıb.

Raul Əhmədov Sumqayıt Dövlət Universitetinin sabiq prorektoru Şakir Əhmədovun oğludur.


Müəllif: Teleqraf.com