24 İyun 2017 10:20
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirli bilinən Fəqani İsmayılovun barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin fevral ayında naməlum şəxs Daxili İşlər Nazirliyinə zəng edərək metroya bomba qoyacağını deyib.

“102 xidməti”nə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə polis şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü Fəqani İsmayılov olması müəyyən edilib.

Fəqani İsmayılov Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqani İsmayılov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Fəqani İsmayılovun apelyasiya şikayəti təmin edilməyib.


Müəllif: Hacı Zeynalov