13 İyul 2017 13:59
1 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ərini öldürməkdə təqsirləndirilən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Naxçıvan Dövlət Universitetinin fililogiya fakultəsinin məzunu olan Gülər Mirzeyanın iki yaşında övladı var. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi isə ölən Şəmsi Babayevin atası Qnyaz Babayev tanınıb.

Zərərçəkənin vəkili Bəxtiyar Hacıyev vəsatətlə çıxış edərək, işin baxışına xitam verilərək istintaqa qaytarılmasını istəyib: "Cinayəti Gülər Mirzəyevanın tək törətmədiyi qənaətinə gəlmişik. Bu cinayət zamanı Gülərə atası və qardaşı kömək edib. Ona görə işin geri qaytarılması tələb edəririk".

Vəsatət təmin edilməyib. Məhkəmə baxışı iyunun 21-ə təyin olunub.

İttihama görə, hadisə ötən il noyabrın 7-də Sabunçu rayon Maştağa kəndində baş verib. Gülər Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevlə yaşadıqları evdə mübahisə edib. Əsəblərinə hakim ola bilməyən qadın bıçaqla ərinə bir neçə zərbə vurub. Şəmsi Babayev qan itirmədən dünyasını dəyişib.

Gülər Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov