13 İyul 2017 18:12
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda azyaşlı uşağa təcavüz etməkdə şübhəli bilinən İbrahim Buğumovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu barədə Teleqraf.com-a məlumat verən İbrahim Buğumovun vəkili Namiq Hacıyev hüquqlarını müdafiə etdiyi şəxsin xəstə olduğunu deyib.

Namiq Hacıyevin sözlərinə görə, İbrahim Buğumov psixi xəstəlikdən əziyyət çəkir: “O, dəfələrlə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicə olunub. Bu il mayın 24-də xəstəxanadan çıxıb”.

Məlumat üçün bildirək ki, bu il iyulun 3-də Xırdalan şəhərində azyaşlıya təcavüz etməkdə şübhəli bilinən Hökməli qəsəbə sakini, 1979-cu il təvəllüdlü İbrahim Buğumov həbs edilib.

İbrahim Buğumov Xırdalan şəhəri, Heydər Əliyev prospektində binalardan birinin həyətində 7 yaşlı uşağa qarşı seksual xarakterli hərəkət edib. O, sakinlər tərəfindən yaxalanaraq polisə təhvil verilib.

İbrahim Buğumov əvvəllər də eyni əmələ görə məhkum olunub. O, 15 may 2015-ci il tarixdə, saat 20:45-də sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvanda binanın liftində 2009-cu il təvəllüdlü Samirə Əliyevaya (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

İbrahim Buğumov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2016-cı il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İbrahim Buğumov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, ədalətli hökm çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İbrahim Buğumovun əməli Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsüf edilib və onun cəzası 1 il 6 aya endirilib. Ona təyin edilmiş cəza həbsdə yatdığı günlə hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

Prokurorluğun protesti ilə Ali Məhkəmə apelyasiya instansiyasının bu qərarı ləğv edilib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul olunub.

İş materialları baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyasında işə hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası təcavüz faktı ilə bağlı ekspertiza təyin edib. Ekspertiza rəyi açıqlanana qədər proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Apelyasiya məhkəməsində qanuni cəza müddəti təyin edilməmiş İbrahim Buğumov eyni əməli təkrar törədib.

Xırdalan şəhərində azyaşlı uşaqlara təcavüz edən manyakın fotosu sosial şəbəkələrdə yayılıb. Həmin şəxs altı yaşlı uşağa təcavüz etmək istəyərkən tutularaq ətrafdakı insanlar tərəfindən döyülüb.

Seksual manyakla bağlı Abşeron rayon Polis İdarəsinə Xırdalan sakini olan 3 nəfər tərəfindən müraciət daxil olub. Onlar manyakın 7-8 yaşlı uşaqların köməksiz vəziyyətdə olmasından istifadə edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildiriblər.


Müəllif: Hacı Zeynalov