14 İyul 2017 12:22
3 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudov ifadə verib.

O, Bakı Metropoliteninin sabiq sədri Tağı Əhmədov epizodu üzrə danışıb. Akif Çovdarov və digər təqsirləndirilənləri tanıdığını deyib: “MTN-də birgə işləmişik. Hər birinə qarşı dərin hörmətim və ehtiramım var. Allah qapılarını açsın”.

Vüqar Mahmudov bildirib ki, fəaliyyət göstərdiyi vaxt ərzində heç kim ona pul verməyib. Qanun çərçivəsində işləyib, tapşırıqları yerinə yetirib.

Prokuror Vüqar Mahmudovun belə cavan yaşda polkovnik –leytenant rütbəsi almasını vurğulayaraq nazir Eldar Mahmudovla hər hansı qohumluğu olub-olmamasını soruşub. Müdafiə tərəfinin vəkilləri bu suala etiraz edib. Amma Vüqar Mahmudov prokurorun sualına qısa cavab verib: “Eldar Mahmudov nazirim və əzizim olub”.

Vüqar Mahmudov Tağı Əhmədovun ona heç vaxt zəng etmədiyini bildirib.

Vüqar Mahmudov ibtidai istintaq zamanı şahid qismində dindirilərkən bildirib ki, 2004-2015-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub: “Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 6-cı Baş idarəsinin rəisi vəzifəsində işləmiş Akif Çovdarov və həmin baş idarənin 2-ci idarəsinin rəisi vəzifəsində işləmiş Akif Əliyevi nazirlikdə işlədiyi zaman xidməti fəaliyyətimlə bağlı tanımışam”.

Vüqar Mahmudov büdcədən pul mənimsənilməsi ilə bağlı heç nədən xəbəri olmadığını deyərək məsələdə sabiq nazir Eldar Mahmudovun adının hallanmasına da aydınlıq gətirib: “Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb”.


Müəllif: Hacı Zeynalov