14 İyul 2017 15:52
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayonunda Aşıq Əlinin qohumunu qətlə yetirməkdə təqsirləndirilən Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Mirzəxan Balayev ifadə verib.

O bildirib ki, toyda Vüsal Nemətovla eyni stolda oturub: "Oturmuşduq, yeyib-içirdik. Toyda rəhmətlik Fəxri bir dəfə stolumuza yaxınlaşıb bizimlə salamlaşdı. Bir müddət keçdi, gördüm Vüsal yoxdur. Dedim, yəqin çölə çıxıb. Bir də gördüm dava düşdü. Getdik gördük ki, Vüsal Fəxrini bıçaqlayıb".

Mirzəxan Balayevin sözlərinə görə, Vüsalla Fəxri arasında 3-4 ilin münaqişəsi olub: "Səbəbini bilməsəm də, biri-biri ilə düşmənçilikləri vardı. Toy vaxtı da Fəxri əldə-ayaqda idi".

Digər şahid Anar Mütəllimov da toyda iştirak etdiyini deyib. Qeyd edib ki, Vüsalla eyni masada oturub: "Arxam hadisə olan yerə idi. Mən çönüb baxanda camaat ayaq üstə gördüm. Qaçıb ora gedən Fəxrinin köynəyi qana bulanmışdı. Onda bildim ki, Vüsal Fəxrini vurub. Əvvəldən bilirdin ki, Fəxri söyüş üstündə Vüsalı döyüb".

Hakim bildirib ki, bu işdə şahid qismində Aşıq Əlinin (Tapdıqoğlu) adı keçir: "O bizə məktubla müraciət edib ki, hazırda Rusiyadadır. Hadisə olan toyda saz ifa edib. Lakin məhkəməyə gələ bilmir. Ölkədə olmadığını əsas gətirirək istintaqa verdiyi ifadənin elan edilməsini istəyib".

Aşıq Əli istintaqa ifadəsi elan olunmuş hesab edilib.

Daha sonra əlavə şahid qismində Əli Əşrəfov bildirib ki, 4 il qabaq Fəxrinin Vüsalı döydüyünə şahidi olub: "Kafedə oturmuşduq. Səs-küy vardı. Vüsal da möhkəm danışırdı. Fəxri Vüsalın yavaş danışmasını istədi. Aralarında mübahisə yarandı. Fəxri Vüsalı çıxartdı, bir müddət sonra səs-küy qalxdı. Vüsalın başını partlamış, burnu qırılmışdı.
Ondan sonra Vüsal mənə deyirdi ki, Fəxri ilə aralarında kin qalıb. Fəxri Vüsalı harda görsə, döymək istəyirdi".

Zərərçəkmişin hüquqi varisi şahidin ifadəsinə etiraz edib: "Orda Fəxri Vüsalı bıçaq çıxartdığı üçün döyüb. Sən burda indi guya kimisə qoruyursan. Allahın olsun, vicdanla danış".

Şahid isə Vüsalın əlində bıçaq görmədiyini, nə görübsə onu danışdığını deyib.

Şahidlərin dindirilməsi başa çatdıqdan sonra məhkəmə istintaqı tamamlanıb və dövlət ittihamçısı çıxış edib. O, Vüsal Nemətovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi, mərhumun atası prokurorun çıxından narazı qalıb: "Ömürlük cəza istəyirəm. Mənim oğlum ömürlük getdi"

Növbəti proses iyulun 19-da davam edəcək.

İttihama görə, qətl hadisəsi Qobustan rayonun Divanlı qəsəbəsində qeydə alınıb. Qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Fəxri Kərimov mərasimə dəvət olunan Vüsal Nemətov tərəfindən bıçaqlanıb.

Ağır yaralanan Fəxri Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Vüsal Nemətovla Fəxri Kərimov arasında 2013-cü ildən ədavətli olublar.
İdmançı olan Fəxri Kərimov Vüsal Nemətovu döyüb. 2016-cı ildə toy mərasimində Vüsal Nemətov spirtli içki qəbul edərək toy zamanı bıçağı Fəxri Kərimova vurub.

Vüsal Nemətov əvvələrdə qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinərək məHkumluq həyatı yaşayıb.

Qətlə yetirilən Fəxri Kərimov Aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Fəxri Kərimovun idmançı olduğu bildirilir.


Müəllif: Hacı Zeynalov