14 İyul 2017 17:54
2 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda nişanlısının qətlində və onun bacısına xəsarət yetirməkdə ittiham olunan Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə istintaqı başlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror Ramin Nağdəliyev ittiham aktını elan edib.

İttihama görə, bu il martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb.

Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı biçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya bilib.

Məlum olub ki, Nəcəf Məcidov qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb.

Nəcəf Məcidov əməliyyat məlumatı əsasında saxlanılıb. O, əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məlum qətlə gəlincə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytaracağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra Nəcəf Məcidov tələb edib ki, nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub.

Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı, 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. İlahə Ağayeva hadisə yerində ölüb, Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.

Nəcəf Məcidov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.

İttihama münasibət bildirən Nəcəf Məcidov özünü təqsirli bilib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, cinayət işində bəzi qaranlıq qalan məqamlar var. Onun sözlərinə görə, hadisə baş verən zaman nişanlısı ilə onların həyətlərindəki hamamda görüşüblər: “Həmin vaxt biz hamamda olanda qapını içəridən bağlamışdım. Yazılıb ki, qapı açıq olmayıb, qapını zorla açıblar. Əslində isə belə deyil. Biz həmişə hamamda görüşürdük. Hava soyuq olduğu üçün qapını da içəridən bağlayırdıq ki, isti olsun. Həmin gün də qapını içəridən bağlamışdım. İlahəni vurandan sonra qapını özüm açdım və hamamdan çölə çıxdım.

Həmin vaxt Rəhimə orada olmayıb. İlahə ilə mübahisə etdiyim üçün əsəbi idim, çölə çıxandan sonra Rəhimə ora gəldi və qışqıraraq üstümə hücum çəkdi. Mən də onu vurdum. Həmin vaxt özümdə olmamışam”.

Nəcəf Məcidov qeyd edib ki, son günlər İlahə ilə münasibətləri pozulubmuş: “Ona iradlarımı bildirirdim, əhəmiyyət vermirdi. Həmin gün biz hamamda görüşmüşük, hamamın qapısını bağlamaqda məqsədim havanın soyuq olması idi. Orada söhbətimizi etmişik, söhbət zamanı aramızda mübahisə yarandı. İlahə məndən ayrılmaq istədiyini bildirdi. Bundan sonra beynim çöndü, onu bıçaqla vurdum”.

Daha sonra zərərçəkmiş şəxs qismində ifadə verən Rəhimə Ağayeva bildirib ki, hadisə baş verən günü bacısı İlahənin telefonla danışdığını görüb: “Bacım telefonda 2-3 saat danışdı. Ondan soruşdum ki, kiminlə danışırsan? Dedi ki, Nəcəfdir, mənimlə görüşmək üçün yalvarır, qapımıza gəlib. Mən də Nəcəfin yalvarmasına gülümsədim və bildirdim ki, imkan ver, gəlsin, görüşün. 5 dəqiqədən sonra bacım evdən çıxdı. Bacımı gözləsəm də, gəlmədi. Onun gəlmədiyini gördüm və arxasınca getdim. Bacımı Nəcəflə pilləkənlərin yanında gördüm və geri qayıtdım”.

Rəhimə Ağayevanın sözlərinə görə, gecəyarı, saat 4-də bacısını yenə də evdə olmadığını görüb və onun arxasınca gedib: “Həyətə düşəndə hamamdan səs-küy gəldiyini eşitdim. Bacımla Nəcəf mübahisə edirdilər. Qapını vursam da, bağlı idi. Qapını döydüm, bacım çölə çıxdı. Dedi ki, Nəcəflə söhbət edir. Buna görə də evə qayıtdım.

Yarım saat sonra qışqırıq səslərini eşitdim, tələsik ora qaçdım. Bacımın hamamda qan içində olduğunu, Nəcəfin əli qanlı çölə çıxdığını gördüm. Onun üstünə cumdum və dedim ki, niyə belə etdin? Bu zaman Nəcəf məni də bıçaqla vurdu”.

Sonra zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən mərhumun atası Cahan Ağayeva bildirib ki, hadisənin şahidi olmayıb: “Qızım Nəcəfə nişanlanmışdı, sonra ona qızımı vermək istəmədik. Buna görə aralarında soyuq münasibət yaranmağa başladı. Hadisə baş verən günü evdə olmamışam. Qardaşım yol qəzasında vəfat etdiyi üçün ora gedirdim. Yolda mənə zəng gəldi, bildirdilər ki, İlahə nişanlısı ilə dalaşıb, İlahəni öldürüb, Rəhiməni yaralayıb. Yoldan geri qayıtdım. Nəcəfdən şikayətçiyəm”.

Daha sonra şahid qismində ifadə verən Vüsal Zeynalov bildirib ki, təqsirləndirilən Nəcəf Məcidov İlahə və digər qızlar haqqında xoşagəlməz ifadələr işlədib: “Deyirdi ki, filan qız qonşu oğlanla gəzir, buna görə də onunla danışdıq, söhbətə çağırdıq. Amma Nəcəf bizim çağırdığımız yerə gəlmirdi. Nəcəfin dediyi məsələləri araşdırdıq, gördük ki, həmin qız heç kimlə gəzməyib. Onu yenə də söhbətə çağırsaq da, gəlmədi. Buna görə də məhəllədən 2-3 nəfər yığışaraq zorla gətirdik, sorğu-sual etdik”.

Nəcəf Məcidov isə bildirib ki, “WhatsApp” danışıq saytında onun barəsində xoşagəlməz ifadələr işlədiblər: “Buna görə də onlarla görüşməyə getmədim. Görüşə getsəydim, bilirdim ki, mübahisə, dava-dalaş olacaq. Məni zorla aparan günü çörək almaq üçün dükana getdim. Dükana girəndə məni Cahan xanım pəncərədən görmüşdü. Mən dükandan çıxanda qarşımı kəsdilər, lakin mən onlarla getmək istəmədim, yoluma davam etmək istədim.

Vüsal dedi ki, Nəcəf hara gedirsən, bura gəl. Onlar məni zorla evə gətirdilər. Həmin vaxt mənim qolumu şüşə kəsmişdi, buna görə bağlamışdım. Evdə məni qarşılayan Cahan xanım qolumun sarıqlı olduğunu gördü, bildirdi ki, adam da fahişəyə görə qolunu kəsər?

Mən də qollarımı doğramadığımı dedim. Sonra ona bildirdim ki, siz bizim həyatımızla oynayırsız, qızınızla sevirdik bir-birimizi. Amma qızınızla ailə qurmağa imkan vermirsiz, nişan üzüyünü qaytarmağa məcbur edirsiz. Məni ora gətirən həmin şəxslər evdən çölə çıxmağıma imkan vermədilər. Orada üstümə bıçaq çəkdilər, məni öldürməklə hədələdilər”.

Bu zaman şahid Vüsal Zeynalov təqsirləndirilən şəxslə mübahisə edib. O, təqsirləndirilən şəxsi kişi olmamaqda ittiham edib: “Sən kişi deyilsən, söhbətə çağırırlar, gələrdin”.

Şahidin təqsirləndirilən şəxsə təhqiredici ifadələr işlətməsinə hakim xəbərdarlıq edib. O, hakimin göstərişi ilə şahid zaldan çıxarılıb.

Növbəti məhkəmə iclası iyulun 20-də davam edəcək.


Müəllif: Hacı Zeynalov