17 İyul 2017 17:57
3 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:20

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovni Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş iş adamı Maqsud Mahmudovun epizodu üzrə şahidlər dindirilib. İttihama görə, 2015-ci ildə Maqsud Mahudov MTN-ə çağırılıb və ondan hədə-qorxu yolu ilə 120 min dollar alıblar.

Şahid qismində ifadə verən Aslan Qəhrəmanov bildirib ki, Maqsud Mahmudovla dost olublar: "2015-ci ilin yayında Maqsud mənə zəng etdi və görüşmək istədiyin bildirdi. Mən də onunla görüşdüm. Görüş zamanı Maqdid bildirdi ki, onu MTN-ə çağırıblar, şantaj edirlər, 120 min dollar istəyirlər. Həmin vaxt Maqsud pulun ondan kimin tərəfindən tələb edilməsini bildirmədi. Maqsud bildirdi ki, pulun çatdırılması üçün ona bir gün vaxt veriblər. Maqsudun da, mənim də obuektlərim var idi. Biz dost olmaqla yanaşı, həm də kirvə idik. Buna görə də aramızda pul söhbəti olmayıb. Maqsud təklif etdi ki, mənim obyektim kiçik olduğu üçün onu sataq, pulu MTN-ə verək, sonra bu məsələni öz aramızda həll edək. Həsəb Əliyev küçəsində olan mağazanı tələsik satdıq və əldə olunan 60 min dolları götürərək MTN-ə gəldik. Orada maşını parkda saxladıq. Maşından düşəndə Maqsud orada onu gözləyən Azər Mehdiyevlə söhbət etməyə başladı. Həmin vaxt kənarda olduğum üçün pulun verilməsini görməmişəm. Maqsud geri qayıdanda bildirdi ki, pulu MTN işçilərinə verib".

Şahidin sözlərinə görə, Maqsud Mahmudovdan pulu Azər Mehdiyev tək almayıb. O bildirib ki, Maqsud bu işdə antiterror mərkəzinin rəis müavini İlqar Əliyevin və həmin mərkəzin əməkdaşı Ayaz Gərayzadənin də adını çəkirmiş.

Maqsud Mahmudov bildirib ki, pulu Azər Mehdiyevə də, Ayaz Gərayzadəyə də verib.

Daha sonra şahid qismində ifadə verən Marik Şamilov bildirib ki, 2009-cu ildə anasına məxsus olan ev plana düşüb və həmin evdə əldə etdikləri pula Salyan yolu, 32 ünvanında torpaq sahəsi alıb. Şahidin sözlərinə görə, həmin torpaq sahəsinin bələdiyyədən sənədləri olub: "2 ildən sonra torpaq aldığım əraziyə gəldim. Gördüm ki, orada tikinti işləri gedir. Bildirdim ki, bu torpaq sahəsini mən almışam. Orada işləyənlər dedilər ki, gözlə, torpağı alan sahibkar gələcək. Bir qədər sonra Maqsud ora gəldi. O bildirdi ki, torpağı ona satıblar. Bir az sonra ora torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll ediləcək. Amma gözləsəm də, bu məsələ həll edilmədi”.

Marik Şamilov deyib ki, bununla bağlı dəflərlə polis və prokurorluğa şikayət edib, məhkəməyə müraciət edib: “Amma bir nəticəsi olmayıb. Mənə torpağı satanlar Maqsudun dostları olub. Sonra onlar mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o, mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. Kiminsə tapşırığı ilə şikayət etməmişəm. MTN-nin qəbul şöbəsində ərizə yazmışam”.

Maqsud Mahmudov bildirib ki, bu şikayətdən sonra ondan 120 min dollar alıblar: “MTN-dən Ayaz mənə dedi ki, həmin pulun 10 min dolları Marikə çatıb. Bu barədə Ayaz Gəryzadənin də, digər MTN əməkdaşlarının da ifadələrində var”.

Azər Mehdiyev bildirib ki, həmin ərəfədə “Atletlər kəndi”də keçirilən tədbirlə bağlı qurulan əməliyyat qrupunun üzvü olub: “Bu ərəfədə işə gəlmirdim. Ancaq “Atletlər kəndi”də olurdum. İyulun 2-də işə çıxdım. Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Həmin günü Maqsuda zəng etmədim. Buna görə mənə dedilər ki, niyə zəng etməmisən? Mən də günün ikinci yarısında Maqsuda zəng elədim və MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm. Bununla bağlı qapalı iclasda geniş danışacam”.

Elçin Quliyev bildirib ki, bu işlə bağlı İlqar Əliyevin ifadələrinə istinad olunur: “Amma həmin ifadələri mənə təqdim etmədilər və bildirdilər ki, həmin ifadə dövlət sirri təşkil edir. Eyni zamanda Ayaz Gərayzadə və Ramin Hümmətov da ifadə veriblər. Sonradan bu şəxslər yoxa çıxıb. Bu məsələ ilə bağlı qapalı icalasda geniş danışacam. Mən çox şeylər danışacam. Danışandan sonra görəcəksiz ki, necə əməliyyatçı olmuşam. Sübut edəcəm ki, bu işdə heç bir fakt yoxdur. MTN-də baş verən olaylardan sonra iki ay işimdə qalmışam, sonra başqa işdə işləmişəm. Sonradan mənim və həyat yoldaşımın ölkədən çıxışına “stop” qoyulub. İki uşaq anasının ölkədən çıxışına “stop” qoyulur. Bu hara qaçacaqdı? Mən uzun illər xüsusi xidmət orqanında işləmişəm. Özümdə suç hiss etsəydim, başqaları kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanıolan ikinci bir şəxs olmayıb. Elə qaçardım ki, izimi-toxumu da tapa bilməzdilər. İlqar Əliyev həbs olunandan sonra guya ifadə verib. Amma həmin ifadə ortalıqda yoxdur. Sonradan Ayaz və Ramin könüllü ifadə veriblər, cinayətlərini etiraf ediblər. Bu şəxslərin ölkədən çıxmalarına “stop” qoyulmalı halda, edilməyib. Onlara ölkədən çıxmalarına şərait yaradılıb”.

Maqsud Mahmudov Elçin Quliyevin arayışına cavab verib: “Məni MTN-ə aparıbsız? Guya dövlətə xəyanət etmişəm, amma həbs etməyibsiz”.

Elçin Quliyev isə bildirib ki, hər MTN-ə gətiriləni həbs etmirdilər: “Araşdırma aparılırdı. Sən özün də yaxşı bilirsən ki, hansı səbəbdən MTN-ə çağırılmışdın. Ukrayna hadisələrinə görə MTN-ə çağırılıb və dindirilib”.

Daha sonra ifadə verən şahidlər Firudin Bağırov, Şakir Əliyev, Orucağa Əhədov ifadə veriblər. Onlar Maqsud Mahmudovun MTN-ə çağırılmasından və 120 min dollarının alınmasından danşıblar. Şakir Əliyev ifadəsində bildirib ki, MTN-də Maqsud Mahmudovu qızla intim əlaqədə olmaq da ittiham ediblər və ondan külli miqdarda pul alıblar.

Elçin Quliyev bu iş üzrə ifadə verən şahidlərin yalan danışdığının üzə çıxdığını deyib: “Burada şahid ifadələrində ziddiyyətli danışırlar. Bu da sübut edir ki, şahidlər öyrədilib.

Prosesdə Maqsud Mahmudovla Elçin Quliyev mübahisə ediblər. Mübahisəni sakitləşdirən hakim onlara xəbərdarlıq edib.

Proses davam edir.

***

Günün ikinci yarısında davam edən prosesdə şahidlər ifadə verib. Teleqraf.com xəbər verir ki, təqsirləndirilən Azər Mehdiyev şahidləri yalan danışmaqda suçlayıb.

Bu isə zərərçəkmiş Maqsud Mahmudovun etirazına səbəb olub: “Burada Azər Mehdiyev də, Elçin Quliyev də hər kəsi yalan danışmaqda ittiham edir. İndi belə çıxır ki, hamı yalan danışır, yalnız bu şəxslər düz danışır”.

Təqsirləndirilən şəxslə zərərçəkmişin arasında növbəti dəfə yaranan mübahisəni sakitləşdirən hakim tərəflərə xəbərdarlıq edib.

Amma Maqsud Mahmudov yenə də etiraz edib: “İstintaq materiallarından görünür ki, Ayaz Gərayzadə də, Ramil Hümmətov da, İlqar Əliyev də pulu aldıqlarını etiraf edirlər. Ayaz və Ramil pulu Elçin Quliyevin adı ilə aldığını bildirib”.

Bu məsələni prosesdə ifadə verən şahidlər də təsdiqləyib. Təqsirləndirilən Elçin Quliyev isə bildirib ki, Ayaz Gərayzadə və digərləri yalan danışıblar. Buna Maqsud Mahmudov növbəti dəfə etiraz edib: “Elçin Quliyev kimi geydirmə generallar şərəfli generalların adına ləkədir”.

Bu zaman hakim zərərçəkmişə xəbərdarlıq edib və onu zaldan çıxarıb.

Daha sonra prosesdə Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə ittiham olunaraq məhkum olunmuş Tərlan Hüseynovun işi üzrə dinləmə olub.

Proses iyulun 21-də davam edəcək.


Müəllif: Hacı Zeynalov