19 İyul 2017 14:02
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda restorandan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki restoranlardan birinin sahibi iş otağından içərisində pul olan seyfin oğurlanması barədə Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət edib.

Restoran sahibi izahatında hadisənin iyulun 15-də baş verdiyini, aradan ötən müddətdə axtarışlarının nəticə vermədiyini bildirib.

Şikayət əsasında araşdırmalar aparılıb. Bu zaman oğurluğun orada işləyən ustalar tərəfindən törədildiyinə dair şübhələr ortaya çıxıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərdən biri - Bərdə rayon sakini Səfadar Nağıyev Zabrat qəsəbəsindəki bağ evində saxlanılıb.

Səfadar Nağıyev oğurluğu tamah məqsədilə törətdiyini etiraf edib.

Müəyyən edilib ki, Səfadar uzun müddət həmin restoranda usta kimi işləyib. Həmin gün səhər saat 8.00 radələrində o, digər həmkarı ilə əvvəlcədən əlbir olaraq iş yerinə gəlib, arxa qapıdan açar seçmək yolu ilə içəri daxil olub. Seyfi olduğu otaqdan götürərək ətrafdakıların diqqətini çəkməmək üçün qutuya qoyublar, tullantı kimi çölə çıxarıb, maşınla Zabrat qəsəbəsindəki bağ evinə aparıblar. Seyfi orada qoyub yenidən adətən işə gəldikləri vaxtda restorana qayıdıblar.

Aranın sakit olduğunu görən ustalar az sonra yenidən həmin bağ evinə gələrək seyfi sındırıb və içərisindəki Azərbaycan manatı və ABŞ dollarlarını götürüblər. Ümumi məbləği - 8500 manatı öz aralarında bölüblər. Daha sonra qənimətlərindən özlərinə mobil telefonlar və təzə paltarlar alaraq bir hissəsini xərcləyiblər.

Səfadar Nağıyevin üzərinə baxış zamanı 1007 manat və 1050 ABŞ dolları aşkar edilib. O, həmin məbləğin özünə qalan pulun bir hissəsi olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com