19 İyul 2017 15:50
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:58

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə Aleksandr Lapşinin vəkili Eduard Çernin müdafiə nitqi ilə çıxış edib.

Vəkil Lapşinin günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra son sözlə çıxış edən Lapşin bildirib ki, indiyə kim 126 ölkədə səfərdə olub:

"Mənə qarşı verilən ittihamı inkar edirəm. Erməni hakimiyyəti ilə əlaqələrə girməmişəm. O vaxt başa düşmürdüm ki, həmin yazılarımla Azərbaycana ziyan vura bilərəm. Başa düşmürdüm ki, Qarabağ Azərbaycan xalqı üçün vacib məsələdir. Ümid edirəm ki, Qarabağ problemi tezliklə Azərbaycanın xeyrinə həll olunacaq, ərazi bütövlüyü təmin ediləcək. Azərbaycanla bağlı yazdığım yazılara görə peşmanam. Həmin yazıları yazanda Azərbaycan xalqına qarşı nifrət hissim olmayıb. Qarabağa səfər edən zaman ora barədə məlumatları internetdən erməni mənbələrindən götürmüşəm. Qarabağın işğalı barədə məlumatım olmayıb".

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Yaxın saatlarda hökm elan ediləcək.

Qeyd edək ki, prokuror Nəsir Bayramov Aleksand Lapşinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alenksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Alenksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilib ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək, Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən Alenksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub.

Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Alenksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.

***

Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinə hökm sabah elan ediləcək.

Buna səbəb hakimlərin müşavirəni başa çatdıra bilməməsi olub.


Müəllif: Hacı Zeynalov