21 İyul 2014 14:33

Bakı şəhər İcra Hakimiyyətinin binasını yandırmağa hazırlıq planı quran Bəxtiyar Qurbanov və Röyal Əsgərovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, təqsirləndirilən şəxslərin Səbail rayon Məhkəməsinin hökmündən verdikləri şikayətlər təmin edilməyib.

Səbail rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ittihama görə, bu ilin aprelin 2-də, saat 05:35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.

İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.

Hacı Zeynalov


Müəllif: