25 İyul 2017 17:17
1 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Anar Mustafayev son söz deyib.

O, bildirib ki, ona verilən ittihamlar əsassızdır: “Maliyyə Nazirliyinin mütəxəssisləri yanlış araşdırma apararaq hesablamalarda səhv ediblər. Elə bir qurum varmı ki, mənfəətsiz işləsin. Onların hesablamalarına görə, biz ancaq borca işləmişik. Biz dəfələrlə vəsatət verdik ki, Maliyyə Nazirliyinin mütəxəssisləri məhkəməyə dəvət edilsin və suallarımızı onlara verək. Biz orada göstərilən qiymətlərdən çox aşağı məbləğə işləmişik. Namazalı müəllim şahiddir, soruşa bilərsiz. Katirovka sorğusu oldu, Namazalı müəllim, Emin müəllim gəldi. Heç biri işləmədilər. Dedilər, qiymətlər sərf etmir. Biz dövlətdən aşağı qiymətlərlə işləmişik. Amma Maliyyə Nazirliyi deyir ki, biz 51 faiz şişirtmə ilə çalışmışıq”.

Anar Mustafayevin sözlərinə görə, vəkilləri ona bəraət istəyib: “Amma vəkillərimlə razı olmadım. Bu o demək deyil ki, mən bəraət istəmirəm. Əlbəttə, bəraətimi alacam”.

Daha sonra Namazalı Məmmədov son söz deyib. O, hələ də niyə görə həbsdə olduğunu anlamadığını bildirib: “Verilən ittihamların heç birini qəbul etmirəm. Mən özəl bir təşkilatın rəhbəriyəm. Özüm-özümə verdiyim suallardan belə başa düşürəm ki, bəlkə başıma gələnlər öz xalqıma yaxşılıq etdiyim və xeyirxah işlər gördüyüm üçün gəlib”.

Təqsirləndirilən şəxs deyib ki, Azərbaycanda optik kabel olmadığı üçün 1993-cü ildə 4 nəfəri optik kabelin nə olduğunu və necə işləməsini öyrənmək üçün Türkiyə göndəriliblər: “Orada optik kabelin calanmasını və fəaliyyətini tək mən öyrənə bildim. Azərbaycandan Türkiyəyə oxumağa göndərilənlər içərisində Türkiyə sertifikatını ilk dəfə mən almışam. Həmin zamandan bu günədək Azərbaycanda çox geniş fəaliyyətlərim oldu. Bu dövr ərzində rabitə sahəsində gördüyüm işlərə görə hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edildim. Amma son dövrlərdə məndən qabaq işləyənlərin Rabitə Nazirliyində nüfuzu qalmadı. Buna səbəb olan insan özü çöldə, azadlıqdadır. Biz isə barmaqlıqlar arxasında qalmışıq”.

Namazalı Məmmədov sözünə davamedərək, deyib: “Biz atla, eşşəklə kənd ATS-lərinə getmişik və orada işləmişik: “Bunu ancaq rabitədə işləyənlər bilər. Universitetdən gəlmiş müəllim rabitəçinin qədrini nə biləcək? İndi də bizi burada qoyub özü kresloda oturur. Mənim onunla bir əlaqəm yoxdur. Mən rabitəçi kimi deyirəm ki, nüfuzumu və rabitəçiliyimi qoruyub saxlamışam. Əli müəllimdən də onu kirlətməyini gözləməzdim. Mən qazandıqlarımı tək yesəydim, mənim də başımın altında nağd şəkildə pulum və işləyən obyektlərim olardı. Xahiş edirəm ki, mənim dediklərimi ciddiyə alasınız və barəmdə ədalətli qərar verəsiniz. Mən Rabitə Nazirliyinin indiki rəhbərliyinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar sağ olsunlar ki, Əli Abbasovun yerə vurduğu rabitəçi nüfuzumu çox yüksəklərə qaldırdılar. Onların mənə verdiyi məktubu siz nəzərə almasanız da, o məktub mənim üçün azadlıq deməkdir. Azərbaycan Respublikasının qanunlarına görə, əgər zərərçəkmişin sənə qarşı heç bir iddiası yoxdursa və hərəkətində ictimaiyyətə zərərin yoxdursa, səni həbsdə saxlamırlar. Yəqin ki, kiminsə balışının altında varı-mülkü var. Verib canını qurtarır. Kimin yoxdursa , bizim kimi barmaqlıqlar arxasında çürüyür. Mən bilsəydim ki, mənim elədiyim yaxşılıqlar dövlətimizin bəzi orqanları tərəfindən nəzərə alınmayacaq, pulumu yığardım balışımın altına. İndi də 70-ci maddənin nəticəsini gözləyərdim”.

Daha sonra prosesdə təqsirləndirilən Emin Məmmədov son söz deyib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Digər təqsirləndirilən Qəmbər Bəybalayev də çıxışında barəsində ədalətli qərar çıxarılmasını tələb edib.

Sonra təqsirləndirilən şəxslərin son sözlə çıxışının başa çatdığı elan edilib. Hakim heyəti hökm qəbul etmək üçün müşavirə otağına yollanıb.

Hökm sabah elan ediləcək.

Qeyd edək ki, dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.


Müəllif: Hacı Zeynalov