27 İyul 2017 12:39
1 809
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:09

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə hökm elan ediləcək.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrlik etdiyi kollegiya iyulun 25-də müşavirəyə çıxıb.

Hökmün iyulun 26-da elan ediləcəyi gözlənilsə də, hakimlər müşavirəni başa çatdıra bilməyiblər.
Hökmün bu gün saat 11.00-da hökm elan edəcəyi gözlənilir.

Qeyd edək ki, dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.

***

11:01

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir-Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə hökmün elan edilməsinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrlik etdiyi kollegiya müşavirəni başa çatdırıb və hökm elan etmək üçün zala daxil olan hakim heyəti təqsirləndirilən şəxslərin cinayət işi üzrə hökmü elan edir.

Hökm 480 səhifədən ibarətdir.

***

12:22

Məhkəmənin hökmü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum edilib.

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da 13 il müddətinə azadlıqdan məhrum edilib.

***

Namazəli Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov barəsində 7 il 3 ay müddətinə şərti cəza təyin edilib. O məhkəmə zalından azadlığa buraxılıb. Oqtay Rüstəmov 5 il 6 ay, Səhrab Hümbətov 5 il 6 ay, Cəlil Cəfərov 5 il 5 ay, Bayram Vəliyev 5 il 5 ay şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıblar.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənilməsinə yönəldiləcək.

Məhəmməd Məmmədovun adına əmlak müəyyən olunmayıb.

RYTN-nin mülki iddiası qismən təmin edilib. Vergilər Nazirliyi iddiasını geri götürüb.


Müəllif: Hacı Zeynalov